Makron: Tramp Ukraynanın Rusiya ilə ərazi danışıqlarını istəyir

Bölmə: Dünya › ,
Tarix: 21:50 13.08.2025

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Donald Tramp Ukraynanın Rusiya ilə ərazi məsələləri üzrə danışıqlara cəlb olunmasını istəyir. Bu, Trampın Rusiya Prezidenti Vladimir Putinlə avqustun 16-da Alyaskada keçirəcəyi görüş ərəfəsində Tramp, Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılan müzakirələr barədə ilk açıq siqnal hesab olunur.

 

Əgər bu məlumat təsdiqlənərsə, Trampın mövqeyi Vaşinqton və Moskvanın Avropa və Ukrayna təhlükəsizliyini sərhədlərin dəyişdirilməsi ilə riskə ata biləcək razılaşma əldə edəcəyindən narahat olan Kiyev və müttəfiqlərini müəyyən qədər sakitləşdirə bilər.

 

Tramp-Putin görüşünün məqsədi Ukraynada artıq üç il yarımdır davam edən və İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişə sayılan müharibəyə son qoymaqdır. Müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı isə didərgin salıb.

 

Çərşənbə günü Zelenski Almaniyada keçirilən virtual sammit üçün Berlində olub. O, əvvəlcə Avropa liderləri, daha sonra isə Tramp ilə danışıqlar aparıb. Avropa ölkələri hələ də istənilən “ərazi mübadiləsi” razılaşmasının Rusiyanın Ukraynanın təxminən beşdə birinə nəzarətini rəsmiləşdirəcəyindən və Moskvanı daha da qərbə irəliləməyə təşviq edəcəyindən ehtiyatlanır.

 

ANEWZ 

Güllər Gülhüseynova