Kim Çen In və Putin arasında telefon danışığı baş tutub

Tarix: 22:02 13.08.2025
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Vladimir Putinlə telefon danışığı zamanı Şimali Koreyanın Rusiya rəhbərliyinin qəbul etdiyi qərarları hər zaman tam dəstəkləyəcəyini bəyan edib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, Şimali Koreya Respublikasının hazırda dünyada olan mövqeyi ilə bağlı çox fikirlər var:
"Amma məqsədi ondan ibarətdir ki, bu Rusiyanın yarımmüstəmləkələrindən biridir. Düzdür, Çinin də bu coğrafiyaya təsiri və müəyyən qatqıları var. Amma bütövlükdə Şimali Koreya məhdudlaşdırılmış suverenlik prinsipi əsasında Rusiyanın işğal zonası hesab oluna bilər. Ona görə də, onların verdiyi bəyanatlar əsassızdır, yəni Koreya bir formada Rusiyanın işğalı altındadır və Rusiyanın tapşırıqlarını yerinə yetirmək məcburiyyətindədir. Gerçəklikdə Kim Çen In Rusiyanın işğal zonasında olan məmurdur və Rusiya ona lazım olduqda istədiyi bəyanatı verdirir. Əslində Koreyanın şimalında formalaşan rejim Rusiyanın bir hissəsidir və Rusiyadan idarə olunur. Onun bu açıqlamalarının heç bir geosiyasi təsir və əhəmiyyəti yoxdur. Çünki ortada kifayət qədər ciddi bir fakt var. Bu da ondan ibarətdir ki, Şimali Koreya müstəqil dövlət deyil. Rusiya onu istədiyi kimi yönəldir və idarə edir. Bu açıqlamalar isə daha çox daxili auditoriyaya yönəlib. Yəni ciddi dövlətlər, dünyanı idarə edən böyük güclər Şimali Koreya haqqında dəqiqliklə bilir, ona görə də bu açıqlamalara əhəmiyyət vermirlər. Bu Rusiyanın təsir mexanizmidir, yəni bəzən özünün edə bilmədiyi, etmək istəmədiyi məsələləri Koreyanın adı ilə deyir. Dediyim kimi, bunu dünyanı idarə edən imperiyalar bilir. Koreya və Rusiyanın yaxınlaşmasına gəldikdə isə, əslində dünyanın böyük gücləri Koreyanın Rusiyanın müstəmləkəsi olduğunu bilir. Sadəcə olaraq, bu barədə danışmırlar, çünki onların özlərinin də bir uzantıları var. Onlar Rusiyanı ifşa etdikdə, Rusiya da onları ifşa edir. Odur ki, bu məsələlərin beynəlxalq münasibətlər sisteminə heç bir təsiri olmayacaq".
Fatimə Heydərova