Üçü də görüşəcək...

Bölmə: Siyasət › ,
Tarix: 22:03 13.08.2025

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla görüşəcəyini açıqlayıb.Lakin Zelenski görüşün nə vaxt baş tutacağını bilmədiyini deyib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Trampla Putin arasında görüşün reallaşması ABŞ və Rusiya arasında əlaqələrin inkişafı ilə yanaşı Ukrayna məsələsi ilə bağlı da müəyyən razılığın olması deməkdir:

 

"2 lider arasında görüş ABŞ və Rusiya arasındakı münasibətlərin inkişafında maraqlı olduqlarını göstərir və bu da onu deməyə əsas verir ki, Ukrayna məsələsi ilə bağlı ABŞ Avropa İttifaqının sərgilədiyi siyasəti yürütməyəcək, yəni istər Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi, istərsə də Ukraynanın silahlanması ilə bağlı Britaniyadan fərqli siyasət nümayiş etdirəcək. Bu da Zelenski üçün Ukraynanın cəbhədə geri dönüş etməsi və ya ciddi nəticələr əldə etməsi ilə bağlı problematik bir vəziyyət yaradır. Çünki Avropa İttifaqı və Britaniyanın Ukraynaya silah dəstəyi verməsi Rusiya üzərində qələbə qazanılmasında yetərli deyil. Çünki Rusiya Ukraynada ciddi problemlərlə üz-üzədir. Rusiya böyük itkilər verib, kifayət qədər iqtisadi problemlər yaşayıb. Amma Bayden dönəmində sonra Trampın hakimiyyətə gəlməsi və Rusiya ilə fərqli strategiya yürütməsi Rusiyanın bu problemdən xilası üçün önəmli mərhələnin başlanması üçün əsas yaratdı. Bu da onu deməyə əsas verir ki, ABŞ Avropa İttifaqı ilə Rusiya-Ukrayna məsələsi ilə bağlı oxşar siyasət yürütməyəcək. Avropa İttifaqı ilə ABŞ arasında problemlərin dərinləşdiyini əsas götürsək, Avropa İttidaqının Ukrayna üzərindən yürütdüyü siyasət müharibənin uzadılması və beləliklə Rusiyada hökumətin zəiflədilməsi və devrilməsi kimi planlarının reallaşacağı ilə bağlı sual yaradır. Hesab edirəm ki, Zelenskinin bu açıqlaması Avropa İttifaqının və Britaniyanın Ukraynanın müharibəni davam etdirməsinə sürükləməsi, yəni Rusiya ilə heç bir razılaşmanın əldə olunmaması və Rusiyanın heç bir şərtinin qəbul edilməməsi fonunda bu planın davam etdirilməsinfə maraqlı olmaya bilər".

 

Politoloq həmçinin əlavə edib ki, Zelenski Rusiyanın Ukrayna ilə bağlı maksimalist şərtlərindən geri çəkilərsə, 2 ölkə arasında atəşkəslə bağlı müəyyən nəticələr əldə oluna biləcəyi mesajını verir:

 

"Təbii ki, biz burada ABŞ və Rusiya arasında aparılan danışıqlardan və verilən açıqlamalardan ABŞ-nin ərazi mübadiləsi adı altında Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışdığı nəticəsini çıxarırıq. ABŞ-nin verdiyi açıqlamadan sonra istər Rusiya, istər Ukrayna, istərsə də Britaniya və Avropa İttifaqının verdiyi ziddiyyətli açıqlamalar bunu deməyə əsas verir. Təbii ki, bu Ukrayna üçün çox ciddi bir problemə çevriləcək. Çünki hazırda ABŞ-nin Rusiya-Ukrayna arasındakı nizamlamada həlledici rola malik olduğunu nəzərə alsaq, Rusiya və ABŞ arasında münasibətlərin inkişafı, yəni Trampın yalnız ABŞ maraqlarını əsas götürərək, Rusiya ilə yaxınlaşma strategiyasına üstünlük verməsi Ukrayna üçün mənfi nəticə vəd edir. Bu baxımda hesab edirəm ki, Zelenski Avropa İttifaqının planlarının tam olaraq Ukraynanı idarə etməsinə çalışmayacaq və bundan sonrakı dönəmdə Rusiya Tramp-Putin görüşünün nəticəsindən asılı olaraq Zelenski öz siyasətini müəyyən edəcək. Ukrayna üçün kifayət qədər gərgin bir mərhələdir və təbii ki, burada həlledici kartlar məhz ABŞ-nin əlindədir".

 

Fatimə Heydərova