Tramp Zelenski ilə distant formada görüşəcək

Tarix: 22:04 13.08.2025
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi və siyasi sistemini köklü şəkildə dəyişib:
"Dünyada bir xaos yaranıb. Bu hərbi xaos dünyanın iqtisadi sisteminə köklü şəkildə təsir edir. Təbiidir ki, Rusiya və Ukrayna münaqişəsinin başlamasının əsas səbəblərindən biri ABŞ-nin siyasətinin məntiqi nəticəsidir. Hətta ABŞ-nin indiki Prizedenti Tramp açıq şəkildə bəyan etdi ki, bu münaqişə Baydenin müharibəsidir, yəni Amerikanın indiki Prizedenti bir daha təsdiqlədi ki, Rusiya və Ukrayna münaqişəsini başladan ABŞ-nin keçmiş Prezidenti Baydenin apardığı siyasət nəticəsində yaranıb. Ümumilikdə, Rusiya və Ukrayna münaqişəsi ABŞ-nin strategiyasının tərkib hissəsidir. Bu təsadüfi yaranmış bir münaqişə deyil, uzunmüddətli, planlı şəkildə həyata keçirilən bir siyasətdir. Düzdür, Tramp seçki dövründə də bəyan etdi ki, Ukrayna münaqişəsini həll edəcəkdir. Bu baxımdan Trampın apardığı siyasət onu göstərir ki, Tramp münaqişənin həllinə təşəbbüs göstərirdi. Avqustun 15-də Rusiya Prezidenti Putin ilə Trampın Alyaskada bir görüşü də keçiriləcək. Təbii ki, bu görüşdə əsas mövzulardan biri Ukrayna münaqişəsi olacaqdır. Ukrayna münaqişəsində qalib tərəf artıq Rusiyadır".
Politoloq həmçinin əlavə edib ki, artıq həm hərbi, həm də siyasi müstəvidə Rusiya üstünlük təşkil edir, çünki Rusiya Ukraynanın 20-25% ərazisinə nəzarət edir:
"Eyni zamanda Rusiya siyasi baxımdan diktə edən tərəfdir. Rusiyanın şərtləri qəbul edilməyincə münaqişənin dayandırılması, atəşkəsin əldə edilməsi, sülhün əldə edilməsi qeyri-mümkündür. Üç ildən artıqdır ki, bu münaqişə davam edir və bu illər ərzində Rusiyanın tələbləri həyata keçirilməyib. Rusiyanın da tələbləri həyata keçirilməyincə münaqişənin dayanması qeyri-mümkündür. Bunu da ABŞ Prizedenti Tramp dəqiq bilir, çünki dəfələrlə Rusiya Prizedenti ilə telefon danışıqları olub. Hətta ABŞ Prizedentinin şəxsi nümayəndəsi Rusiya Prizedenti ilə də görüşləri olub. Təbiidir ki, Rusiya Prizedenti açıq tezisləri həm öz nümayəndəsinə, həm Trampın nümayəndəsinə, həm də telefonla danışıqda Rusiyanın mövqeyini birmənalı şəkildə təqdim edib. Belə olan təqdirdə Tramp reallığı nəzərə alaraq addım atır. Tramp realist insandır və reallığı nəzərə alaraq hərəkət edir. Bu baxımdan görüş qabağı Ukraynanın Prizedenti ilə distant olaraq görüş keçirməsi, danışıqlarının aparılması onu göstərir ki, avqustun 15-dəki görüşdə Zelenskinin mövqeyini bir daha öyrənmək, eyni zamanda siyasi reallığı Zelenskiyə başa salmaq anlam yaradır, çünki Tramp fikirlərində qeyd etmişdir ki, Ukraynanın Prizedenti Zelenskinin nə deməyindən asılı olmayaraq ərazi mübadilələri reallaşmalıdır. Müharibənin dayanması üçün mütləq şəkildə ərazi mübadilələri həyata keçirilməlidir. Düzdür, Zelenski də bunu hələki qəbul etmir. Zelenski reallıqdan uzaq Avropanın diktəsi ilə davranır. Amma reallıq bundan ibarətdir ki, Ukraynanın 20-25% ərazisini itirib və gündən-günə torpaqlarını itirməkdədir. Əm böyük ziyan Ukrayna xalqına dəydi. Bu baxımdan Trampın Zelenski ilə distant danışıqlar aparması avqustun 15-də keçiriləcək görüşə hazırlıqdır. İstənilən halda Putinlə Tramp arasında aparılan görüş Ukraynanın gələcək taleyinin həlli üçün hesablanmış danışıqlar olacaq. Hesab edirəm ki, Tramp Zelenskinin mövqeyini dəqiqləşdirmək istəyir və gələcək bəyanatlarda da bunu nəzərə alacaq".
Fatimə Heydərova