Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Bölmə: Siyasət › ,
Tarix: 22:05 13.08.2025

Ağ Ev administrasiyası Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini fəal şəkildə təşviq edir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ prizedenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi olduqca maraqlı və önəmli bir hadisədir:

 

"Çünki hazırda Donald Tramp dünyada bir neçə münaqişənin qarşısını almağa nail olsa da, onun siyasi diplomatik nailiyyətləri sırasında Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin paraflanması olduqca böyük əhəmiyyət daşıyır. Çünki faktiki olaraq Prizedent Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan yekun sülh sazişinin imzalanmasından bir öncəki sənədi imzalamış oldular. Sülh prosesində sona yaxınlaşma baxımından böyük bir addım atmış oldular. Bununla da, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində böyük uğurlar əldə olunmuş oldu, yəni bu baxımından hesab etmək olar ki, Azərbaycan və Ermənistan arasında imzalanan sənədlərin Prizedent Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsində yeri və rolu kifayət qədər yüksəkdir".

 

Politoloq həmçinin əlavə edib ki, Azərbaycanın Prizedenti İlham Əliyevin də ABŞ liderini dəstəkləməsi böyük önəm daşıyır:

 

"İlham Əliyevin bu qətiyyətli mövqeyi sayəsində Azərbaycan və Ermənistan ikitərəfli müzakirə formatı üzərindən yekun sülh sazişinin mətnini tam şəkildə razılaşdırmağa nail oldular və bu da Azərbaycan Prezidentinin siyasi və diplomatik qələbəsi idi. Nəhayət İlham Əliyevin bu önəmli fəaliyyəti ABŞ-nin vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması ilə nəticələndi. Bu ABŞ-yə sülh yaratma istiqamətində uğurlu vasitəçilik edən dövlət imici qazandırmış oldu. Ən əsası isə Vaşinqton görüşünün nəticələri Prezident Trampa sülhpərvər siyasi lider imici yaratmaq imkanları açmış oldu. Bu baxımdan Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı real nəticələr mövcud olduğundan, Prezident Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi tamamilə normal və anlaşılan bir məsələdir və böyük ehtimalla məhz Vaşinqton görüşünün nəticələri Trampa bu mükafatın verilməsi məsələsində əsas baza rolunu oynaya bilər".

 

Fatimə Heydərova