“Jurnalistin siyasi mənsubiyyəti yoxdur, peşəkarlıq və qeyri-peşəkarlıq var"

Bölmə: MEDİA › ,
Tarix: 15:20 18.04.2023

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova media ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

 

-      Məlumdur ki, hər media orqanının bir rəhbəri və ya tabe olduğu hər hansı bir qurum var. Belə olan halda “azad media” fikri ilə nə qədər razısınız?

 

-      Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da medianın fəaliyyəti müəyyən qanunlarla tənzimlənir. Eyni zamanda, “ifadə azadlığı” bizim təməl prinsiplərimizdəndir və hər bir insanın fikrini azad formada ifadə etmək və informasiyanı azad toplamaq hüququ var. Bu hüquq jurnalistlərə də təbii ki, şamil olunur. Jurnalistlər də topladıqları informasiyanı azad şəkildə yaymaq hüququna malikdirlər. Amma məsələyə daha geniş aspektdən baxsaq, təcrübəli televiziya praktiklərindən biri deyir ki, əgər biz öz kameramızla özümüzü çəkib, özümüz baxarıqsa, tamamilə azad televizyadan danışa bilərik. Amma biz kiminsə maddi vəsaiti hesabına, kiminsə kamerasıyla, nəyisə çəkib, kütləvi auditoriyaya göstəririksə, burda mütləq müəyyən bir meyl, hansısa maraq özünü göstərəcək”. Dünyanın hər yerində bunun bariz nümunəsini görürük. Məsələn, 44 günlük müharibədə də xarici medianın nə dərəcədə “azad informasiyalar” yaydığının da şahidi olduq. Əlbəttə, dünya miqyasında tərəfli informasiya yayan mediaya həmişə rast gəlirik. Amma normadan danışırıqsa, medianın borcu informasiyanı azad, tərəfsiz, obyektiv, balanslı formada yaymaqdır.

 

-      Sizcə nəyə görə bu gün jurnalistlər (bura həvəskar jurnalistlər də daxildir) sayca çox olsa da, “Peşəkar jurnalist”lər bu nisbətdə geridə qalır?

 

-      Deməzdim ki, jurnalist çoxdur. Media orqanlarının sayı artdıqca burda fəaliyyət göstərən kadrlara da ehtiyac yaranır. Əlbəttə, media sahəsində çalışan insanların media təhsilli kadrlar olmasını istərdik. Amma bu, real deyil. Bizim ixtisasımız elə bir sahədir ki, müəyyən qədər yazmağı bacaran, az-çox müşahidə qabiliyyəti olan, filologiya, incəsənət təhsillilər də bu sahənin cazibəsi qarşısında dayana bilmirlər. Jurnalistikaya bu mənada axın daha çoxdur. Bu fakültənin müəllimi kimi istərdim ki, media orqanlarında daha çox yetirmələrimizin imzasını görək, səsini eşidək. Fikrim yanlış anlaşılmasın. Təbii ki, qeyri ixtisaslardan olanlar da jurnalistika sahədə çalışa bilərlər. Amma çox yaxşı olar ki, öncə jurnalistikanın nəzəriyyəsinə dair təməl prinsipləri mənimsəsinlər. Deyirsiniz ki, peşəkar jurnalist azdır, problem də elə burdan qaynaqlanır. Peşəkar jurnalistlər ona görə az olur ki, jurnalistikaya gələnlər bu sahənin təməl qaydalarını, etik norma və prinsiplərini mənimsəmədən peşəkar fəaliyyətə atılırlar. Elə düşünürlər ki, hər bir jurnalist azad şəkildə informasiya toplaya bilərsə, deməli, qarşısındakına müttəhim kimi suallar ünvanlaya bilər. Bu, belə deyil. Jurnalistikanın da bəlli etik kodeksləri, çərçivələri var. Heç bir halda etik kodeksləri və normaları göz ardı etməməlisiniz.

 

-      Bu gün müasir Azərbaycan tele-məkanında bəzi kanal və verilişlər var ki, izləyicilərin zövqünün korlanmasına səbəb olur. Bunların qarşısını almaq üçün senzuraya ehtiyac varmı?

 

-      Senzura sözünü eşitmək istəməzdim. Azərbaycan media məkanına senzura lazım deyil. Qeyd etdiyim kimi, problemin çözümü etik kodekslərə əməl etmək, peşəkarları işə cəlb etməkdən keçir. Sadəcə “çörəyi çörəkçiyə vermək” lazımdır.

 

-      Sizcə, bunu necə tənzimləmək olar?

 

-      Əslində, televiziyanın hazırladığı bütün verilişlər jurnalistikanın məhsulu deyil. Var jurnalist televiziyası, var qeyri-jurnalist televiziyası. Jurnalist televiziyasında biz xəbərləri, xəbərtörəmə, analitik proqramları, tok-şouları, sənədli filmləri izləyirik. Yəni jurnalistin intellektual əməyinin məhsulu olan proqramları izləyirik. Biri də var qeyri-jurnalist televiziyası. Bura konsertlər, bədii filmlər, teletamaşalar, teleseriallar, bədii çaları özündə əks etdirən teleməhsullar daxildir. Bilirsiniz ki, jurnalistikanın işi əsasən sənədlidir və fakt üzərində qurulur. Yəni əgər ortaya qoyulan işdə konkret faktlar və sənədlilik yoxdursa, onda bunu biz jurnalistika saya bilmərik. Biri də var həmin faktların təqdimat forması. Əgər o faktlar da insanların emosiyalarına birbaşa nüfuz edir və manipulyasiyaya səbəb olursa, mən bunu yaxşı jurnalist işi kimi qiymətləndirə bilmərəm. Təbii ki, telekanallar da reytinq deyilən bir göstəriciyə müəyyən qədər cavab vermək məcburiyyətindədir. Çox vaxt deyirlər ki, tamaşaçı ona baxır. Belə sual ortaya çıxır – bu cür proqramlara baxan auditoriyanın marağını başqa nə ilə cəlb edirsiniz ki? Başqa seçim imkanı verirsinizmi tamaşaçıya? Tutaq ki, müəyyən kütləvi verilişlər var - evdar qadınların, yaşlı insanların əksəriyyəti o verilişləri izləyir. Qeyd etdiyim kimi bəs biz o auditoriyanın marağını başqa nə ilə təmin edə bilərik? Auditoriyanın alternativi olmalıdır. Məsələn, elə etməliyik ki, tamaşaçı axtardığı əyləncəli proqramın içərisində informativ, həm də maarifləndirici elementləri görə bilsin. Biz sözlə, əyləncəli proqramların keyfiyyət göstəriciləri də yüksəlməlidir. Mən gənc jurnalistlərdən məhz bunu istəyirəm. Siz auditoriyanın o kəsiminə alternativ nəyi təklif edəcəksiniz?!

 

-      “Müxalifət jurnalistikası” yoxsa “İqtidar jurnalistikası”? Xatirə Hüseynova bunlardan hansını əsas tutur?

 

-      Ümumiyyətlə, mən bu bölgünü qəbul etmirəm. Jurnalistika mənim üçün o qədər müqəddəs sahədir ki, mən onu iqtidara, müxalifətə və ya başqa bir şəkildə bölünməsinin tərəfdarı deyiləm. Jurnalistikada peşəkarlıq və qeyri-peşəkarlıq var. Əgər siz faktı fiksasiya edə bilirsinizsə, onu ən azı iki müstəqil, müxtəlif qaynaqdan təsdiqləyirsinizsə, balanslı şəkildə olayı auditoriyaya çatdıra bilirsinizsə, artıq peşəkarsınız. Bunun nə müxalifətə, nə iqtidara aidiyyəti yoxdur. Düşünmürəm ki, hansısa jurnalist desin mən iqtidaryönümlü və ya müxalifətyönümlü jurnalistəm. Jurnalistin siyasi mənsubiyyəti yoxdur. Jurnalistlərin funksiyası cəmiyyətin güzgüsünü auditoriyaya tutmaqdır.

 

-      Bildiyiniz kimi son zamanlar İran hökuməti tərəfindən ölkəmizə qarşı ikibaşlı siyasət aparılır. Bu vəziyyət qarşısında jurnalistlərimiz və ya bu istiqamətdə təhsil alan tələbələr nə etməli, fəaliyyətlərini necə tənzimləməlidirlər?

 

-      44 günlük vətən müharibəsi zamanı da jurnalist tələbələrimizə deyirdim ki, gerçəyi çatdırın. Çünki gerçəyi yaymaqla siz elə Azərbaycan həqiqətini demiş olacaqsınız. Jurnalistdən tələb olunan da məhz budur. Fakta həddindən artıq emosional çalar geyindirməyin, rəngləməyin, bəzəməyin. Gerçəyi olduğu kimi çatdırın, onda hər şey öz yerini tapacaq. Xəbərlərində gerçəyə əsaslanan medianın nüfuzu daha yüksək olur, onun yazılarına daha çox istinad olur. İnformasiya müharibəsində bundan vacib nə ola bilər ki? Bütün konfliktli situasiyalarda rəsmi mənbələrə əsaslanmağa, təsdiqlənməmiş məlumatları yaymamağa çalışın. Jurnalist tirajladığı informasiyanın dəqiqliyinə əmin olmalıdır, həm də emosiyalarını cilovlamağı bacarmalıdır. Bəzi sözlər var ki, jurnalistin onları işlətməsi düzgün deyil. Məsələn, “siz günahkarsınız”, “siz casussunuz” kimi ittiham dolu sualları ünvanlamaq jurnalistə yaraşmaz. Jurnalist hakim, qarşısındakı isə müttəhim deyil. Bunu daim nəzərdə saxlamaq lazımdır. Əgər bir şəxsin təqsiri qanunla sübut olunmayıbsa, əgər əlinizdə onun təqsirkar olmasına dair sübut yoxdursa, heç kimi ittiham edə bilməzsiniz.

 

Nurlan CƏBRAYILZADƏ