Sənət muzeydən telefona sığırmı?
Bölmə: Mədəniyyət ›
, Maraqlı ›
,
Tarix: 17:02 07.10.2025
Son illər texnologiyanın inkişafı ilə incəsənət də öz sərhədlərini aşmağa başlayıb. Muzeylər və qalereyalar artıq təkcə fiziki məkanlarla məhdudlaşmır-sərgilər ekrana, sosial şəbəkələrə, hətta süni intellektə daşınır. Rəqəmsal sərgilər sənətə yeni nəfəs gətirsə də, bəziləri bu tendensiyanın əsərlərin ruhunu itirdiyini düşünür. Bəs, rəqəmsal dövrdə sənətin dəyəri necə dəyişir? Əsl sənət hələ də muzey divarları arasında qalırmı, yoxsa artıq hər birimizin cibindədir?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva bildirib ki, müasir zamanda texnologiyanın və incəsənətin bir-birinə yaxınlaşması, bir-biri ilə qarşılıqlı əlaqəsi həm mənfi, həm də müsbət cəhətləri özündə ehtiva edən çox önəmli bir kəsişmədir:
“Zənnimcə, texnologiyanın sənətə daxil olması sənətkarın rolunu azaltmır, kiçiltmir, əksinə onu yeni imkanlarla gücləndirir-lakin bu dəyişiklik, qeyd etdiyim kimi, həm müsbət, həm də çətinliklər yaradan cəhətləri ilə fərqlənir. Müsbət cəhətlər: yeni ifadə vasitələri əldə etməkdir. Məsələn, Rəqəmsal alətlər, süni intellekt, VR (virtual reallıq), AR (artırılmış reallıq) və digər texnologiyalar sənətkarın əlində yeni texniki və yaradıcılıq imkanları yaradır. Buna misal, rəssamın yalnız boyadan deyil, koddan, alqoritmlərdən və interaktiv platformalardan istifadə edə bilməsi, bəstəkarın texniki səs imkanlarından bəhrələnə bilməsi, kompüter ilə musiqi əsərləri yaradaraq, yeni imkanlar kəşf etməsi, yəni təfəkküründə canlanan obrazları birbaşa kompüter vasitəsilə əks etdirməsi. Burada həm də bir növ zamana qənaət olunur, vaxt itkisi olmur. Daha bir tərəfi qlobal auditoriya qazanmaqdır. Sənət internet vasitəsilə coğrafi sərhədləri aşır. Bir rəssam əsərini sosial şəbəkədə paylaşmaqla dünyanın istənilən yerindəki insanlara çata bilər. Bəstəkar əsərini video və ya audio vasitəsilə yazıb müxtəlif platformalarda yerləşdirə bilir. Həmçini onlayn sərgilər və rəqəmsal platformalar vasitəsilə sənətkarlar öz əsərlərini müstəqil şəkildə təqdim edə və ya sata bilirlər”.
Müsahibimiz həmçinin bildirib ki, eyni zamanda bəzi risklərdə var:
“Texnologiyanın yaratdığı bolluq və əlçatanlıq bəzi tənqidçilərə görə sənətə dəyərini itirmə riski yaradır. Burada belə bir sual əmələ gəlir: yəni "hər şey sənət ola bilərsə", bəs onda "əsl sənət" nədir? Süni intellektlə yaradılan işlər, əsərlər sənətkarın rolu barədə suallar doğurur-bu iş sənətkarınmı, yoxsa alqoritmin, süni texnologiyanın məhsuludur?Texnologiya sənətkarın rolunu zəiflətmir, amma onu yenidən düşünməyə məcbur edir. Onun köməyinə müraciət etsə də, insan güvənmədən özü də mütləq müdaxilə etməlidir. Onda əsl sənətkar üzə çıxır. Əks halda ənənəvi sənətkar obrazı dəyişir. Bütün bunlar həm fürsət, həm də çağırışdır. Rəqəmsal sərgi-sənət əsərlərinin fiziki məkandan asılı olmadan, rəqəmsal platformalar üzərindən təqdim edilməsidir. Bu sərgilər virtual reallıqda, mobil tətbiqlərdə, veb-saytlarda və sosial mediada baş tuta bilər. Maraqlı olsa da canlı ünsiyyəti, təması əvəz etmir. Onun əsas xüsusiyyətləri: ilk növbədə əlçatanlıq, yəni istənilən şəxs internet bağlantısı ilə sərgiyə qoşula bilər-yer və zaman məhdudiyyəti yoxdur. Bizim tələbəlik dövrümüzdə belə imkanlar yox idi. Sonra isə interaktivlik, yəni ziyarətçilər əsərlərlə interaktiv münasibətə girə bilər-məsələn, əsər haqqında məlumat ala, 3D baxışla detalları görə və ya fərqli bucaqlardan izləyə bilər”.
Müsahibimiz eyni zamanda bildirib ki, belə ki, əsərlər yalnız rəsmlərlə məhdudlaşmır:
“Video, səs, animasiya və hətta süni intellekt əsərləri də sərgilənə bilər. Təbii ki, fiziki sərgilərə nisbətən daha az resurs tələb edir və daha çox insana əlverişlidir. Məsələn, internet vasitəsilə bir çox dünyada tanınmış qalereyaları izləmək olar, texnologiya ilə ziyarətçiləri muzeyin içində gəzdirmək imkanı yaradılır. Beləliklə, rəqəmsal sərgilər sənətin sərhədlərini genişləndirir və onu daha demokratik edir. Bu, həm sənətkarlar, həm də tamaşaçılar üçün yeni bir üfüq açır. Lakin hər bir görülən işin həddini-hüdudunu qorumaq lazımdır. Yaradıcı insanları, sənət adamını texnika əvəz etməməlidir, çünki o, öz işinə, əsərinə ruhunu verir, yaşadır. Bu isə süni intellektin bacarmadığı tərəfdir”.
Banuçiçək Məmmədova


