Azərbaycanın enerji diplomatiyası-Şərh

Bölmə: Siyasət › ,
Tarix: 22:40 07.10.2025

Azərbaycanın son illərdə enerji sahəsində atdığı strateji addımlar, ölkənin yalnız regional deyil, həm də beynəlxalq enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə zəmin yaradıb. Qaz və neft ixracı ilə yanaşı, bərpa olunan enerji və hidrogen kimi alternativ sahələrdə də əməkdaşlıqlar qurulur.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycan uzun illərdir həyata keçirdiyi çoxşaxəli enerji strategiyası ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Xüsusilə təbii qaz və neft sahəsində atdığı ardıcıl addımlar ölkənin enerji bazarında əsas oyunçulardan biri kimi mövqeyini möhkəmləndirib:

 

"Azərbaycan hazırda Cənub Qaz Dəhlizi vasitəsilə öz qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya, o cümlədən İtaliyaya qədər ixrac edir. Bu sistem vasitəsilə ölkə Avropanın enerji təchizatında mühüm rol oynayır və region üçün etibarlı tərəfdaş statusu qazanıb. 2022-ci ildə Brüsseldə imzalanan razılaşmaya əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü iki dəfə artırmağı öhdəsinə götürüb. Bu, Avropanın ümumi qaz ehtiyacının yalnız 2-4 faizini təşkil etsə də, Azərbaycanın stabil və etibarlı tərəfdaş kimi tanınmasında əhəmiyyətli rol oynayır".

 

 Həmçinin Asif İbrahimov bildirib ki,enerji sahəsində əməkdaşlıq yalnız təbii qazla məhdudlaşmır:

 

 

"Azərbaycan bərpa olunan enerji istiqamətində də ciddi layihələrə start verib. Xəzər dənizi hövzəsində “Masdar” layihəsi çərçivəsində bərpa olunan enerji hasilatına başlanılıb və bu enerji yaşıl enerji dəhlizi vasitəsilə ixrac olunacaq. Bununla yanaşı, ölkə hidrogen enerjisi sahəsində də ilkin razılaşmalar əldə edib və gələcəkdə bu istiqamətdə ixrac planları var. Azərbaycan həmçinin Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə neft məhsullarını Avropaya nəql edir və eyni zamanda xam neft tədarükçüsüdür. Bu istiqamətlər üzrə fəaliyyət ölkənin Avropa bazarında enerji təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.Bütün bu amillər Azərbaycanın enerji siyasətinin strateji əsaslara söykəndiyini göstərir. Uğurla həyata keçirilən enerji diplomatiyası ölkənin geosiyasi çəkisini artırır və Azərbaycanı regional gücə çevirir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ölkənin mövqelərini gücləndirən bir tendensiyadır".

 

Aysun Vəliyeva