Manatla istiqrazlara beynəlxalq maraq artır-Şərh
Bölmə: İqtisadiyyat ›
,
Tarix: 22:43 07.10.2025
Azərbaycanın maliyyə bazarında manat istiqrazlarına olan maraq artmaqdadır. Bu proses yeni investisiya imkanlarının yaranmasına səbəb olur və ölkənin iqtisadi stabilliyinin qorunmasına müsbət təsir göstərir. Xarici investorların bazara cəlb olunması isə investisiya mühitinin inkişafını sürətləndirir və yerli maliyyə institutlarının fəaliyyətinə dəstək verir.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Günay Hüseynova bildirib ki, manat istiqrazları ilə xarici valyutada buraxılan istiqrazlar arasında gəlir təxminən yarı-yarıdır:
"İnvestisiyaya maraq göstərən şəxslər daha çox manat istiqrazlarını üstün tuturlar. Manat istiqrazları 7 faiz səviyyəsində təklif edilir, xarici valyutada əsasən rubl və avroda isə 3-4 faiz arasında dəyişir. Bu fərq investorlarda manat istiqrazlarına üstünlük yaratmaqdadır. Bundan əlavə, milli valyutanın uzun müddətdir stabilliyini qoruması və devalvasiya riskinin az olması da investorlara inam yaradır. Neft qiymətlərindəki tarazlığın qorunması da bu etibarı artırır.
Həmçinin iqtisadçı bildirib ki,xarici investorların Azərbaycan istiqraz bazarına yönəlməsi likvidlik balansının pozulmamasına müsbət təsir göstərir:
"Bu, bazarın stabilliyini qoruyur və xarici siyasət qarşısında manatın dayanıqlılığının təmin olunmasına yardım edir. Belə investisiyalar investisiya mühitinin genişlənməsinə, milli valyutanın stabil qalmasına və xarici valyuta ehtiyatlarının artmasına dəstək verir. Azərbaycanın beynəlxalq arenada nüfuza malik etibarlı investisiya mühiti xarici investorları ölkəyə cəlb edir ki, bu da iqtisadi inkişaf üçün faydalıdır. Yerli maliyyə institutları və xidmət göstərən şirkətlərin gəlirlərinin artmasına, həmçinin investisiya mühitinin formalaşmasına səbəb olur. Manatın stabilliyi qorunduqca, istiqraz faizləri yüksək və likvidlik balansı tənzimlənmiş olduqca, investisiya mühiti daha da inkişaf edəcək və xarici investorların axını davam edəcək".
Aysun Vəliyeva


