Qlobal neft emalı üçün hər il 700 milyon dollar investisiya tələb olunur-Şərh
Bölmə: İqtisadiyyat ›
,
Tarix: 22:45 07.10.2025
Azərbaycan son illərdə həyata keçirdiyi çoxşaxəli enerji siyasəti ilə regionun və Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Qaz və neft ixracında ardıcıl addımlar, həmçinin bərpa olunan enerji və hidrogen kimi sahələrdə atılan yeni təşəbbüslər ölkənin enerji diplomatiyasını daha da gücləndirib. Bu siyasət Azərbaycanın həm iqtisadi, həm də geosiyasi çəkisini artıraraq onu regional güc mərkəzinə doğru aparır.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Elçin Rəşidov bildirib ki, həyatın bütün aspektləri enerji vasitəsilə yaradılır. Məsələn, mənzil hüququ, məlumat əldə etmək hüququ, qida və s. hüquqlar - bunların hamısı enerjidən asılıdır:
"Gələcəyə baxıb proqnoz vermək çətindir, çünki 25 il əvvəl bu günün belə olacağını düzgün təxmin edən olmayıb. Buna görə 25 il sonranı da dəqiq demək mümkün deyil. Amma keçmişə baxsaq, son 100-150 ildə adam başına enerji istehlakı həmişə artıb. Bu tendensiyanın yaxın onilliklərdə də davam edəcəyini düşünürəm. Ola bilər bir gün bu artım azalsın, pik nöqtəyə çataq, amma hələlik o səviyyəyə çatacağımızı görmürəm. Təbii ki, bu proqnoz gələcəyin hansı ssenarilərlə formalaşacağından asılıdır. Ancaq keçmişdəki artımı sadəcə davam etdirərək belə demək olar ki, enerji istehlakı azalacaq deyil. Əhali də artacaq, lakin əsas məsələ adam başına düşən enerji tələbidir - əhalinin artımı özü istehlakı artıran bir faktor deyil".
Həmçinin Elçin Rəşidov bildirib ki, həyatın bütün sahələri birbaşa enerjidən asılıdır. İnsanın təhsil almaq hüququ, səhiyyə xidməti, məlumat əldə etmək hüququ, mənzil hüququ, qida və digər əsas hüquqların reallaşması enerji olmadan mümkün deyil.
"Bütün bu proseslər enerjinin mövcudluğu ilə həyata keçirilir. Əgər enerji üzərində kimlərsə monopoliyaya sahib olarsa, bu, cəmiyyətin daxilində sosial bərabərliyi ciddi şəkildə poza bilər. Belə olan halda asılılıq yaranar ki, bu da bizi sanki yenidən quldarlıq və ya ən azı feodalizm dövrünə qaytarar. Belə bir cəmiyyətdə nə inkişaf olar, nə rifah, nə də sosial ədalət. Hətta tarixin indiyədək qazandığı ən böyük dəyərlər -sosial bərabərlik və ədalət - bu cür şəraitdə yox ola bilər. Bu səbəbdən, enerjiyə çıxışın insan hüquqlarının bir elementi kimi tanınması zəruridir. Bu, yoxsulluğun aradan qaldırılması, gəlirlərin ədalətli bölüşdürülməsi və cəmiyyətin rifahı baxımından da olduqca vacibdir. Enerjiyə çıxış hüququ yalnız texnoloji və iqtisadi məsələ deyil, həm də sosial ədalətin təminində əsas rol oynayan bir insani hüquqdur".
Aysun Vəliyeva


