İlham Əliyevdən birlik və sülh mesajı

Bölmə: Siyasət › ,
Tarix: 23:00 07.10.2025

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər üzv ölkələrin liderləri iştirak ediblər. Prezident İlham Əliyev çıxışında TDT-nin artıq geosiyasi güc mərkəzinə çevrildiyini bildirib. O, üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib və Azərbaycan–Ermənistan sülh sazişinin bölgəni sabitlik məkanına çevirəcəyini vurğulayıb.

 

Mövzu ilə baglı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki,Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən XII Zirvə Görüşü təşkilatın tarixi inkişaf yolunda yeni mərhələ kimi qiymətləndirilə bilər:

 

"Bu görüş üzv və müşahidəçi ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyət kəsb edir. Zirvə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən çağırışlar və irəli sürülən təşəbbüslər TDT-nin artıq sadəcə ortaq etnik-mədəni irsi təmsil edən bir platforma deyil, eləcə də müasir dünyanın geosiyasi və geoiqtisadi reallıqlarına adekvat cavab verə bilən çoxtərəfli əməkdaşlıq formatına çevrildiyini bir daha nümayiş etdirmiş oldu. Xüsusilə də cənab Prezidentin Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi mesajlar Türk dövlətləri arasında nəqliyyat-logistika əlaqələrinin daha səmərəli təşkili, Avrasiya məkanında enerji marşrutlarının şaxələndirilməsi və regional inteqrasiyanın sürətləndirilməsi istiqamətində strateji çərçivə formalaşdırır. Bu dəhliz yalnız regional iqtisadi fəallığı artırmaqla kifayətlənmir, həmçinin Türk dünyasını birləşdirən geostrateji xətt funksiyasını yerinə yetirmək potensialına malikdir. Digər mühüm istiqamət isə Azərbaycan ilə Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı dövlət başçımızın vurğuladığı məqamlardır. Cənab Prezidentin qeyd etdiyi kimi, belə bir saziş yalnız iki ölkə arasında münasibətlərin normallaşması üçün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinin təmin olunmasına və yeni iqtisadi əməkdaşlıq imkanlarının açılmasına da mühüm töhfə verə bilər. Nəticə etibarilə, bu zirvə görüşü TDT-nin institusional əsaslarının möhkəmlənməsi, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və üzv dövlətlər arasında qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq modelinin formalaşması nöqteyi-nəzərindən əlamətdar hadisə hesab oluna bilər. Azərbaycan isə öz liderlik rolunu növbəti dəfə nümayiş etdirərək siyasi təşəbbüsləri və real addımları ilə Türk dünyasının daha sıx inteqrasiyasına və TDT-nin qlobal güc platformasına çevrilməsinə mühüm töhfələr verməyə davam edir".

 

Aişə Mustafayeva