Netanyahyu hadisələrin ikinci ildönümündə İsrailin HAMAS-ı məğlub edəcəyini bildirib
Bölmə: Siyasət ›
,
Tarix: 15:58 08.10.2025
İsrailin baş naziri Benyamin Netanyahyu radikalların onun ölkəsinə hücumunun ikinci ildönümü münasibətilə İsrailin HƏMAS-ı məğlub edəcəyini və Qəzza zolağındakı bütün girovları geri qaytaracağını bildirib.
Məsələ ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı ortaya qoyulan məsələyə gəlincə deyə bilərəm ki, əsas diqqət mərkəzində olan məsələ ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilib-keçirilməyəcəyi ilə bağlıdır:
“Bu plan 20 bəndlik olsada, əsas 3 məqam var. Birincisi atəşkəsə nail olunması, ikincisi girovların azad edilməsi, üçüncüsü isə Qəzza zolağında vəziyyətin nizamlanması, yəni bölgənin gələcək statusu ilə bağlıdır. Hesab edirəm ki, Misir, Qətər və Türkiyənin nümayəndələrinin vasitəçiliyi ilə Qahirədə aparılan danışıqlar müsbət nəticə verə bilər. Xüsusilə girovların azad edilməsi, eyni zamanda atəşkəsə nail olunması məsələlərini razılaşdırmaq mümkündür.
İsrail həmin bölgədə gələcək proseslərdə HƏMAS-ın iştirakını istəmir. HƏMAS isə Qəzza zolağında gələcəkdə Fələstin milisinin bölgəyə nəzarət etməsində israr edir. Bütün bunlar mübahisəli olaraq qalır. Onlar öz istəklərini Donald Trampa göndəriblər. Tramp hələki onların təklifinə etiraz etmir. Bu məsələdə görünür, yenidən İsraillə məsələni razılaşdırıb, müəyyən nəticəyə gəlməyə hazırdır. Lakin Netanyahunun girovları hərbi əməliyyatlar yolu ilə azad edəcəyinə dair hədələyici bəyanatlar səsləndirməsi Trampın 20 bəndlik sülh planının həyata keçirilməsini poza bilər. Çünki həmin plana görə tərəflər arasında əsir vı girovların Avropaya aparılması və oradan da öz ölkələrinə göndərilməsi razılaşdırılıb.
Lakin indi Netenyahunun bəyanatından aydın olur ki, İsrail bu məsələdə geri çəkilir. Bu da ilk növbəsində daha çox İsrailin HƏMAS-ın şərtlərini qəbul etməmək istəyi ilə bağlıdır. Yəni HƏMAS-ın sonradan Trampın planına əlavə düzəlişlər etmək istəyi İsraili qane etməyib. Və İsrail artıq bu məsələdə güc tətbiqinə üstünlük verir. Bu da bölgədə digər şərtlərin pozulmasına gətirib çıxara bilər. Netanyahunun HƏMAS-ı məğlub edəcəyi ifadəsini işlətməsi İsrailin baş nazirinin HƏMAS-la müharibədə sona qədər davam etmək niyyətindən xəbər verir”.
Çimnaz Telmanqızı


