Əminə Yusifqızının əziz xatirəsinə
Bölmə: Mədəniyyət ›
,
Tarix: 15:23 09.10.2025
Azərbaycan mədəniyyətinin unudulmaz simalarından biri-Əminə Yusifqızı, incəsənətə səsi ilə nəfəs verən sənətkar idi. Onun səsi yalnız şeirləri səsləndirməyib, həm də ürəklərdə dərin izlər buraxıb.
1936-cı ilin 24 sentyabrında Bakının Bakıxanov qəsəbəsində anadan olan Əminə Yusifqızı gəncliyindən səhnəyə, sözün sehrinə vurğun olub. O, Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrı və “Azərbaycanfilm” studiyasında fəaliyyət göstərib. Həyatını bədii qiraətə, teatr və kinoya həsr edən sənətkar, illər boyu yüzlərlə tamaşaçının ruhuna toxunmağı bacarıb.
O, “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları” kimi filmlərdəki rolları ilə yadda qalıb. Lakin onun adı ən çox şeir qiraəti ilə əbədiləşib. Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini o qədər dərinliklə səsləndirib ki, bu ifa Azərbaycan ədəbiyyatında bir klassik nümunəyə çevrilib.
Əminə Yusifqızı deyib: “Qiraətçi hadisəni oxumur, yaşayır. Hər misra onun içindən keçir". Bu cümlə, əslində, onun sənət fəlsəfəsinin təməlidir.
1998-ci ildə Xalq artisti fəxri adına layiq görülən Əminə Yusifqızı ömrünü səhnəyə, xalqa və sözün sehrinə bağlayıb. O, bu dünyadan getsə də, səsi radiolarda, xatirələrdə, ruhlarda yaşayacaq.
Banuçiçək Məmmədova


