Bakı hadisələri haqqında həqiqət

Bölmə: Maraqlı › ,
Tarix: 23:02 09.10.2025

Bakı qırğını ətrafında təşkil olunan təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuatı da hər gün ən qərəzli, ən kobud və misli-bərabəri görünməyən məqalə və xəbərlərlə, “işıqlandırılan” və “aydınlaşdırılan” yazılarla doldurulur. Qanlı Bakı günlərinin bir neçə yüz bədbəxt qurbanının çəkdikləri əzablar və ölümləri haqqında deyilənləri cürbəcür şəkillərə salıb şitini çıxarırlar. Təbliğata rəhbərlik edən bacarıqlı əllər bütün vasitələrdən istifadə edir və nə yolla olursa-olsun, öz çirkin məqsədlərinə çatmağa can atırlar.

   

Bu məqsəd nədən ibarətdir? Onun iki tərəfi vardır.Birincisi, bədbəxt hadisə ilə bağlı bütün məsuliyyəti yerli hökumətin üstünə yıxmaq, ikincisi isə guya qara camaatın ilk çağırışı ilə dərhal günahsız adamların üstünə atılıb onları öldürməyə, qarət etməyə və evlərini yandırmağa hazır olan yerli müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdir.

      

Müsəlmanlar bir tərəfdən polisin əlində üzüyola və şüursuz vasitə kimi, o biri tərəfdən isə yeganə hücumçu, təhrikçi və qatil tərəf kimi göstərilir. Guya polis onları qabaqcadan hazırlayıb, silahlandırıb və təşkil edib. Onlar da şüursuz şəraitində yaşadıqları adamları soysunlar və öldürsünlər. Hələ bu harasıdır? Ustalıqla təşkil olunan qəzet təşviqatı onu da müəyyənləşdirməyə dəfələrlə cəhd göstərir ki, bu işdə polislə əlbir olub qırğın törədənlər yalnız şəhərin başıpozuq ünsürləri-müsəlman camaatı arasında təsadüf olunan xuliqanlar, avaralar yox, həm də müsəlmanların ən şüurlu və mədəni qüvvələri olub.

      

Məsələn, İ.Dolixanov imzalı birisi “Rus” qəzetində “Qafqazın bəlası” başlıqlı məqaləsində Bünyadov familiyalı naməlum şəxsin sözlərinə istinadən sübut etməyə çalışır ki, guya qırğından əvvəl Bakı mollaları, Baş molla (???) məsciddə erməniləri qılıncdan keçirməyə çağırıb. “Birjevıe vedomosti” qəzetində Bakıdan xəbər verən c-b Ramm (Protey) qırğında bütün təcavüzkarlıq rolunu müsəlmanların ayağına yazıb. Guya Bakı vəkillərinin apardıqları sorğu-sual yolu ilə əldə olunan və indi “Novosti” qəzetində çap edilən sənədlərdə Orlovskaya familiyalı birisinin dililə belə bir ifadə verilir ki, qırğına qədər müsəlman mühəndis Fərrux bəy Vəzirovun mənzilində erməni qırğını hazırlamaq və həyata keçirmək məqsədi ilə yığıncaqlar düzəldilib.Bu yığıncaqlarda guya Məlikov (müsəlman, təbiət elmləri namizədi, müəllim, publisist), Musa Nağıyev (müsəlman, neft sənayesi sahibkarı) iştirak ediblər.

      

İnsafınız olsun: əgər bütün bunlar belə olsaydı, əgər bütün bunlar həqiqət olsaydı, o zaman bircə şey qalırdı ki, bütün müsəlmanlar haqqında deyəsən: “Bu ki başkəsənlər və əclaflar dəstəsidir. Onlara nə Dağ-Mədən İnstitutu, nə din, nə sərvə təsir edir. Onların yeri hüquqi və zehni tərəqqiyə doğru qüdrətli addımlarla irəliləməyə can atan mədəni ölkənin hüdudları daxilində deyil, Saxara səhrasında olmalıdır”. İmperiyada müsəlman əhalinin sakin olduğu bütün guşələrdən hüquq barədə, müsəlmanlara rus təbəəliyi verməsi barədə xahişnamələr axıb gəldiyi bir vaxtda qəzet təbliğatçıları üzərlərinə necə böyük günah götürdüklərini, taleyin hökmü ilə və labüd bir surətdə onlarla birgə yaşamağa məhkum edilən insanlara necə dözülməz zərbə vurduqlarını başa düşürlərmi?

     

Bu təbliğatın ruslara müsəlmanlar barəsində olduqca acınacaqlı təsir bağışladığına və bağışlayacağına heç bir şübhə ola bilməz. Çünki rusların nə “Kaspi” səhifələrində yalançılıqda ifşa olunan həmin Doluxanovun gecikən peşmanlıqla etdiyi bu etirafdan xəbəri var ki, guya “Rus” qəzetinə “cəmiyyət işləri haqqında məlumatlarının olmadığı, müsəlman ruhanilərinin qırğın zamanı oynadıqları nəcib və insani rolun əbədiləşdirməyə layiq olduğunu” bilmədiyi bir vaxtda yazıb, nə Rammın (Protey) Bakıya gəlişinin ilk günlərindən bütün bu qəzet təbliğatını təşkil edən yalan və saxtakarlıq burulğanına düşdüyündən, nə də Qafqazda pulla şahidliyin geniş yayıldığından və 25 manata Orlovskaya kimi şahidlərin dilinə istənilən sözləri, istənilən məhkəmə ifadələrini verməyin mümkünlüyündən xəbərləri olmayacaq.

    

Qanlı Bakı hadisələrinin şahidi həm hadisələrdən əvvəlki, həm də sonrakı vəziyyətlə yaxşı tanış olan bir şəxs kimi biz tam qətiyyətlə təsdiq edə bilərik ki, müsəlmanların Bakı qırğınındakı rolu ilə bağlı bütün bu qəzet hay-küyü yalnız ağ yalan üzərində qurulub.

     

Biz bunu istər hadisələrin özünün, istərsə də onları müşayiət etmiş şəraitin sistemli təsviri yolu ilə müəyyənləşdirməyə çalışacağıq. Lakin qabaqca mətləbdən bir qədər kənara çıxmaq və qırğına qədərki hadisələrin ümumi mənzərəsini bir süjet formasında vermək istəyirik. Məqsəd oxucunun cürbəcür münaqişə törətməyə və ədavət salmağa asanlıqla zəmin hazırlayan psixoloji səbəbləri görməsinə imkan yaratmaqdır. 

    

Heç kəsə sirr deyil ki, lap son zamanlara qədər Qafqaz hakim dairələri hər işdə erməniləri müdafiə edir və ruhlandırırdı. Ermənilər isə ağıllı və əlli-ayaqlı bir millət kimi özlərinin bu müstəsna vəziyyətlərindən bacarıqla yararlanırdılar. Onlar məktəblər açır, qəzetlər təsis edir, maarif və xeyriyyə cəmiyyətləri qurur, kitabxana və qiraətxanalar təsis edir və bütün bunların sayəsində həm zehni, həm də iqtisadi cəhətdən sürətlə qabağa gedirlər. Nəticədə sayca nisbətən az olsalar da,onlar diyarda üstün rol oynamağa başladılar. Müsəlmanlar isə böyük əksətiyyət təşkil etmələrinə baxmayaraq, hakim dairələrin inamsızlıq və şübhələri nəticəsində ətalət, cəhalət, zehni və iqtisadi yoxsulluq içərisində yaşamaqda davam edirdilər. Öz-özlüyündə də aydındır ki, müsəlmanların sayları ilə düz gəlməyən belə bir uyğunsuz vəziyyətləri əhalinin bu iki hissəsi arasında labüd ixtilaflar törədirdi. Halbuki, diyarın Rusiyaya birləşdirilməsinin elə ilk günlərindən də çox asanlıqla görmək olardı ki, müsəlmanlar say və qabiliyyətləri nəticəsində bu birləşmədə üstün rol oynamalıdırlar. 

    

Qafqaz müsəlmanları ağıllı, gözüaçıq və əməksevərdilər. Onlarda qüdrətli, qənaətcil və işləməyi bacaran üçüncü silk vardır. Məlum mədəni inkişaf da onlara iqtisadi sərbəstlik hüququ verir. Lakin heyhat! Müsəlmanların mədəniyyət yoluna qədəm qoyduqları ilk günlərdən başlayaraq ermənilər qonşularını lazımi rəğbətlə qarşılamadılar. Özlərinin xiristian dininə mənsubluqları və diyarda yüksək vəzifələr tutmaları sayəsində onlar əslində qanun təfsirçilərinə çevrildilər və qanunçuluqdakı etiqadla bağlı qeyri-dəqiq və kifayət qədər aydınlaşdırılmayan bütün sərfəli olmayan məqamları müsəlmanların əleyhinə yönəltdilər. Misal üçün, heç olmazsa, Zaqafqaziyada şəhər özünüidarəsi məsələsini götürün.

    

Zaqafqaziyada şəhər özünüidarəsi tətbiqinin ilk günlərindən onlar tələb etməyə başladılar ki, müsəlmanlar yəhudilərlə eyniləşdirilsin və şəhər özünüidarə orqanlarında onların nümayəndələrinin sayı qeyri-xristianlar üçün qanunda nəzərdə tutulan minimuma qədər məhdudlaşdırılsın. Və onlar bu məsələdə məqsədlərinə çatdılar. Uzun zaman müsəlmanların əhalinin əksəriyyətini təşkil etdikləri şəhərlərdə onların Dumadakı təmsilçiliyi bu minimumu ötmürdü. Müsəlmanlar yerli əhali olaraq qanunun onları nəzərdə tutmadığını, qanunvericiliyin Qafqaz əhalisinin bir hissəsini başqasının tabeliyinə vermək üçün heç bir əsas yaratmadığını sübut etməkdən ötrü nə qədər zəhmət çəkməli, mübarizə aparmalı oldular. Nəhayət, müsəlmanlara böyük iltifat göstərdilər, onlara şəhər özünüidarəsində geniş təmsil olunmağa icazə verdilər. Lakin yenə də şərt qoydular ki, müsəlman təmsilçilərinin sayı Duma üzvlərinin ümumi sayının yarısından artıq olmamalıdır. Və indi hətta Bakı kimi bir şəhərdə, elə bir şəhərdə ki, əhalinin 75 faizi müsəlmanlardan ibarətdir və ermənilər burada gəlmə ünsürlərdir, demək olar ki, bütün binalar, ticarət, sənaye müsəlmanların əlindədir, belə bir şəhərdə müsəlmanlar yenə də ancaq Duma üzvlərinin yarısını təşkil edirdilər. Bir müddət əvvəl müsəlman qlasnılardan birisi Dumanın iclası zamanı şəhər özünüidarə orqanlarında müsəlmanlarla ermənilərin sayını bərabərləşdirmək üçün yuxarı instansiyalara rəsmi müraciət etmək zərurəti haqqında məsələ qaldıranda və ağlamsınaraq ermənilərdən müsəlmanlara yardım əli uzatmağı, onları öz səviyyələrinə qaldırmağı xahiş edəndə, erməni qlasnılar bir nəfər kimi belə bərabərləşdirmə əleyhinə çıxış etdilər. Erməni qlasnılardan biri isə xahiş etdi protokola yazılsın ki, məsələ yalnız müsəlmanların əksəriyyət təşkil etmələri sayəsində keçdi. İctimai xarakterli bütün digər müəssisələrdə birja kontorlarında, ictimai məclislərdə və s. də belədir. Aydındır ki, bütün bunlar şəhər əhalisinin iki hissəsi arasında dostcasına münasibətlərin qurulmasını çətinləşdirir və qara qüvvələrin hər cür qarışıqlıq salmaları üçün təbii zəmin hazırlayırdı. Lakin bu barədə danışarkən mən qətiyyən o fikirdə deyiləm ki, müsəlmanlarla ermənilər arasında hansısa dini, yaxud milli düşmənçilik olub. Əksinə, onlar əsrlər boyu sülh və dostluq şəraitində yaşayıblar və hətta indi də mədəniyyətin oxşarlıqları qorunan hər yerdə-ümumi zəhmətlə bağlı olduqları kəndlərdə və obalarda onlar səmimi qonşular kimi yaşayırlar, aralarında heç bir ədavət və ayrı-seçkilik yoxdur. Bu toqquşma və narazılıqlar araqarışdıranların hər zaman yaxşı cücərən ədavət toxumu səpmələri üçün çox münbit bir zəminə çevrilib. Məsələnin bu tərəfini aydınlaşdırandan sonra hadisələrin özünün təsvirinə keçirik.

                                                                    

Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Ermənilər arasında müsəlmanların onları qırmağa, müsəlmanlar arasında isə ermənilərin onları darmadağın etməyə hazırlaşdıqları haqqında söz-söhbət gəzirdi. Bu şayiələri kim, hansı məqsədlə yayırdı indiyə qədər məlum deyil. Cəmiyyətin ziyalı təbəqəsi əvvəlcə şayiələrə heç bir əhəmiyyət vermirdi, sadəcə gülür və elə düşünürdülər ki, bu yalnız ictimai diqqəti fevralın 19-na təyin olunan fəhlə nümayişlərindən yayındırmaq məqsədi ilə işə salınan vasitədir. Lakin cəmiyyətin aşağı təbəqələri bərk narahatlıq keçirir və əsəbləşirdi. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Bununla bir sırada şəhərdə ermənilərlə müsəlmanlar arasında o vaxta qədər görünməyən sui-qəsdlər çoxalmağa başlamışdı. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin zənginlərdən Balabəy Lazarevlə, Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Danışırdılar ki, müsəlmanlar onların arvadlarına, qadın qohumlarına və uşaqlarına sataşdıqları üçün bu ağalar özlərini təhqir edilən sayıb Şuşadan, Şamaxıdan və hətta az qala Türkiyədən başkəsənlər çağırıblar ki, müsəlmanlardan intiqam alsınlar. Və doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikirindədir. Bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, onun ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Əsgərlər onun sinəsinə bir neçə süngü yarası vuraraq qətlə yetirmişdilər. Müsəlmanlar arasında şayiə yayıldı ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu qəsdən, erməninin heyfini almaq üçün öldürmüşdülər. 

    

Camaat büsbütün ağlasığmaz şeylər danışırdı. Guya ermənilər Türkiyədəki erməni quldur dəstələrinin məşhur başçısı Androniki çağırıblar, anbarları bomba və silahla doldurublar, guya onların tanınmış adamlarının şərəfini təhqir edən müsəlmanlar üzərinə hücuma hazırlanırlar.  O zaman şəhərə heç vaxt görünməyən və qatarların hərəkətini tam bir həftə müddətində dayandıran güclü qar yağmışdı. Qar əriməyə başlayanda yenə camaat arasında şayiə yayıldı ki, guya qar altından qulaqları, burunları, əlləri və ayaqları kəsilən 6 cəsəd çıxarılmışdı. Hamını həyəcan bürüdü. Bu  həyəcan cəmiyyətin ziyalı təbəqəsinə də sirayət etdi. 

     

Hadisələri öyrənmək və bu şayiələrin qarşısını almaq üçün kiçik bir erməni-müsəlman komitəsi yaradıldı. Komitəyə müsəlman və erməni ziyalılarının nümayəndələri daxil idilər. Qərara alındı ki, yayılan şayiələrin büsbütün boş və əsassız olduğunu xalqa başa salmaq ermənilərin və müsəlmanların nüfuzlu adamlarından xahiş olunsun. Habelə əhalini sakitləşdirmək, həyəcan keçirməyin əbəs olduğunu izah etmək məqsədi ilə erməni və türk dillərində səyyar vərəqələr buraxılması ilə bağlı razılıq əldə olundu. Lakin, təəssüf ki, daha gec idi. 

       

Psixoloji gərginlik artıq son həddə çatmışdı və dəhşətli müsibətin başlanması üçün kiçik bir bəhanə lazım idi. Məhz məxsusi olaraq seçilən adamlar ermənilərə və müsəlmanlara müraciətin doğurduğu intibaları müzakirə etmək üçün bir araya gəldikləri vaxt ermənilər müsəlman Ağa Rəzi Babayevi öldürdülər. Ağa Rəzi Babayev Bakının varlı və böyük qohum-əqrabalı adamlarından idi. Fevralın 6-da o, milyoner dayısı ilə birlikdə erməni kilsəsinin qabağından keçirmiş. 

     

Adətən bazar günləri erməni kilsəsinin təkcə hasarının içərisində deyil, bayırında da çoxlu erməni toplaşır. Babayevlər erməni camaatının qabağından keçərkən atəş səsi eşidilir. İzdiham dərhal Babayevin üstünə atılıb onu sui-qəsd niyyətində təqsirləndirir. O,özünü itirməyib tapançasını çıxarır, izdihama göstərərək atəş açmadığını, patronlarının hamısının yerində olduğunu deyir. Amma buna baxmayaraq, izdiham divan tutmaq üçün onu dövrəyə alır. Bu zaman qorodovoylar gəlir və Babayevin tapançasını alaraq özünü də polis şöbəsinə aparmaq üçün faytona oturdurlar. İzdiham faytonu gülləyə tutur. Qorodovoylar kimi Babayevin dayısı da qaçır. İki güllə yarası (sifətindən və qarın nahiyəsindən) alan Ağa Razinin cansız cəsədi faytona sərilir. Lakin qəzəblənən izdiham bununla da kifayətlənmir. Babayevin cəsədini çəkib faytondan yerə salır və küçə ilə sürüməyə başlayırlar. Sonra isə bıçaqla sinəsini bir neçə yerdən yaralayaraq ölünü bihörmət edirlər. Vəhşiləşən izdiham habelə təsadüfən buradan keçən iki büsbütün günahsız müsəlmanı da vurub yaralayırlar.

    

Qəziyyə xəbəri dərhal Babayevin qohum-əqrəbasına çatır. Təkrar edirəm: onun çoxsaylı qohum-əqrəbası vardı. Müsəlmanların və ermənilərin hələ də soyumayan qanlı intiqam hissləri yenidən baş qaldırır. Babayevin qohumları ermənilərin üzərinə hücum çəkdilər və onlardan qarşılarına çıxanları vurub öldürməyə başladılar. Axşam saat 10-na qədər hər iki tərəfdən 15-ə yaxın adam öldürüldü. Amma saat 10-dan sonra ara sakitləşdi. Ertəsi gün əhali, istər ermənilər, istərsə də müsəlmanlar öz adi, gündəlik işləri ilə məşğul idilər. Bax elə bu məqamda hələ də əsəbləri tarıma çəkilən adamların əhvali-ruhiyyəsini bilən və baş verən hadisə ilə tanış olan inzibati dairələr özlərinin bütün bacarıq və məharətlərini işə salmalı idilər. Onlar çevik və qətiyyətli tədbirlərlə yenidən qan tökülməsinin qarşısını ala bilərdilər.

     

Ertəsi gün səhər saat 10 radələrində cahil erməni və müsəlman dəstələri toqquşdular və qırğın başladı. Artıq bu əsil qırğın idi: dəhşətli, amansız, soyğunçuluq və qətillərlə, yanğınlar törətmək və başqa qorxunc hadisələrlə müşayiət olunan və həm də xalqın həddini aşan vəhşi ehtirası ilə alovlanan bir qırğın idi. Bu vəziyyət çərşənbə gününə qədər davam etdi.

      

Bu dörd günün qanlı hadisələri haqqında çox yazılıb. Bu günlərin dəhşətlərini təsvir etməyə çox ustalıq, çox bəlağət sərf olunub. Burada onları bir daha təkrar etməyin yeri deyil. Lakin biz bir məqama diqqət yetirmək istərdik: təəssüf ki, bu məsələdən danışarkən erməniləri günahsız quzu, müsəlmanları isə onların qanını içməkdən həzz alan vəhşi yırtıcı şəklində qələmə verməyə çalışırlar. Bunun da səbəbi aydındır-ermənilərin hər yerdə adamları var! Əslində isə əgər hər hansı təhrikçilik vardırsa, bu həm ermənilər, həm də müsəlmanlar üçün eyni olub.

       

Burada oxucuların diqqətini müsəlman ziyalıların istər qırğın zamanındakı, istərsə də ondan sonrakı nəcib davranışına cəlb etmək istərdim. Qırğın zamanı nəinki ziyalı, hətta ən sadə müsəlman ailələrindən də eləsi yox idi ki, şəxsi təhlükəsizliklərini risk altında qoyaraq erməniləri gizlətməsin, onları müdafiə etməsin. Halbuki erməni ziyalıları tərəfindən bir təsadüfdə də olsun belə addım atılmamışdır. 

       

Bu hələ hamısı deyil. Qırğını başlayan ermənilər olsa da, görəcəyimiz kimi, ona son qoyan müsəlmanlar olub. Faciənin davam etdiyi bütün dörd gün ərzində müsəlmanlar yerli qubernatoru əhatə edərək ona məktublar verdilər ki, nə isə bir qərara gəlsin, hər iki tərəfdən ruhaniləri yığıb küçələrə çıxsın. Dördüncü gün qırğının hələ də davam etdiyini və getdikcə daha dəhşətli əndazə aldığını görərkən ümumun rahatlığı naminə öz həyatlarını təhlükə qarşısında qoyan kimlər oldu? Yenə müsəlmanlar- İsmayılbəy Səfərəliyev, Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Hacı Baba Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, Həsənağa Həsənov və başqaları! Onlar telefonla zəngləşdilər və həyatlarını təhlükədə qoyaraq silahlı adamların müşayiəti ilə qubernatorun yanına getdilər. Elə qubernatorun yanındaca həm müsəlman ruhanilərini, həm də ermənilərin nüfuzlu adamlarını və ruhanilərini çağırmaq üçün dəstə göndərdilər. Hamı toplaşandan sonra çoxları danışmağa tərəddüd etdiyi zaman bir şəxs irəli çıxıb dedi: “Cənablar, nə üçün yubanırsınız? İtirdiyimiz hər dəqiqə onlarla bədbəxtin həyatına bais ola bilər. Mən əlimdə Quran qabaqda gedəcəyəm. Qoy birinci güllə mənə dəysin”. Bu sözləri deyən müsəlmanların qazısı Mir Məhəmmədkərim Cəfərov idi. Bu müsəlman qazisi qalanlara nümunə olub, onları ruhlandırıb bütün əhalini kütləvi şəkildə küçələrə çıxmağa məcbur etməklə, əsl bir sülhpərvərlik örnəyi göstərməmişdirmi?

       
Bəs qırğından sonra? Müsəlmanların ziyalıları və adlı-sanlı adamları heç bir başqa məqsəd güdmədən camaatı sidqlə sakitləşdirdikləri, ona bu qardaş qırğınının bütün çirkinliklərini anlatdıqları halda, qəzetlərdə təbliğat təşkil edən ermənilər ortaya çıxdılar və bütün dünyaya hadisələrlə bağlı heyrətamiz dərəcədə şişirdilən araqızışdırıcı teleqramlar yaymağa başladılar. Onlar öldürülən 10-15 min nəfərdən danışır, müsəlmanları qaniçən vəhşilər kimi təsvir edirdilər. Bütün Rusiya və Avropa ayağa qaldırılmışdı.Hər tərəfdə müsəlmanlara ümumi bir nifrət yaratmaq üçün arasıkəsilməz səylər göstərilirdi. Bu adamların faktları necə şişirtdikləri haqqında təsəvvür əldə etmək üçün təkcə onu demək kifayətdir ki, hakimiyyət dairələri deyil, məhz erməni insansevər cəmiyyətinin özü tərəfindən bütün məlumatlar toplandıqdan və diqqətlə araşdırıldıqdan sonra Bakı hadisələrində zərər çəkənlərin cəmisi 700 nəfər olduğu, onlardan 300 nəfərin öldürüldüyü və 400 nəfərin yaralandığı, öldürülənlərdən 130-a qədərinin müsəlman, 170 nəfərinin erməni olduğu aşkara çıxdı.


Bəli, rüsvayçılığa, özü də dəhşətli və heç cür bağışlanmayacaq bir rüsvayçılığa yol verilmişdir. Və müsəlmanlar özlüyündə baş verən hadisələrin rüsvayçılıq, biyabırçılıq olduğunu dərk edib peşman olmuşlar, öz şeyxülislam, müfti və qaziləri ilə birlikdə göz yaşı tökmüşlər, kilsə və məscidlərdə ermənilərə qardaşcasına əl uzadıb sidqlə üzr istəmişlər.

     

Öz günahlarını yumağı arzulayaraq onu əsla kiçiltməmələri, başqasının üstünə yıxmamaları, ermənilərlə səmimi surətdə barışmaq istəmələri söz yox ki, müsəlmanların müsbət cəhətidir. Amma bununla bərabər müsəlmanlar qətiyyən özgənin günahını öz üzərlərinə götürmək niyyətində deyillər. Erməni cənablar nahaq və əbəs yerə öz biyabırçılıq paylarını da müsəlmanların üstünə atmağa cəhd edirlər. Ermənilər və onların züy tutanları nahaq və əbəs yerə məsuliyyəti və biyabırçılığı təkcə müsəlmanların ayağına yazmağa can atırlar. Müsəlmanlar nə eləyiblərsə, ermənilərlə birlikdə və onlara cavab olaraq eləyiblər. Ona görə də bir tərəfdən qardaşlıq və birlik komitələri yaratmaq, heyifsilənmək və dostluq andı içmək, o biri tərəfdən isə redaksiyalara özünü satan arvadların, aşnası hesabına dolanan kişilərin, Zaqafqaziya məhkəməbazlarının sərsəm sözləri ilə dolu və Allah bilir, hansı yollarla əldə edilmiş sənədlər vermək ləyaqətsizlik və nanəciblikdir. Və bütün bunlar həmin adamların əleyhinə edilir ki, onlarla öpüşüb qardaşlıq və birlik andı verirlər!  

                           

“Kaspi” qəzeti, 2014

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı