Təhsil miqrasiyası: Gənclər niyə ölkəni tərk edir?

Bölmə: Sosial › ,
Tarix: 19:01 10.10.2025

“Beyin axını” ixtisaslı, istedadlı və yüksək təhsilli insanların öz ölkəsini tərk edib xaricdə yaşaması və işləməsi prosesidir.

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində tələbələr bir ölkədən başqa ölkəyə gedib təhsil alırlar:

 

 

“Bir tələbənin, təhsil almaq istəyən şəxsin öz ölkəsindən başqa ölkəyə gedib təhsil almasının bir neçə səbəbləri ola bilər. Məsələn, insanın xaricdə təhsil almaq istəyi xaricdə daha yaxşı təhsilin olması ilə də bağlı ola bilər, insanın arzuladığı ölkədə təhsil almaq istəyi ilə bağlı ola bilər, dil vərdişlərinə yiyələnmək istəyi və s. ola bilər. Azərbaycanın ali, orta ixtisas və peşə təhsil müəssisələri heç ölkənin özündə əmək bazarının tələblərinə uyğun olaraq kadr yetişdirə bilmir”.

 

 

Həmçinin ekspert onu da qeyd edib ki, bizdə tələbələr də məhz bu səbəblərə görə daha çox xaricə gedirlər, orada təhsil almaq istəyirlər:

 

“Xaricdə təhsil almaq istəyənlər Azərbaycanda təhsil yoxdu deyə yaxud bərbaddır deyə deyil, daha yaxşı təhsil almaq istədiklərinə görədir. Təbii ki, Azərbaycanda əmək bazarı şəffaf olmalıdır. Xaricdə alanlar geri qayıtmağı düşünməlidirlər. Hətta bizdə dövlət proqramı ilə xaricə gedənlər gəlib burada 500-700 azn əmək haqqı ilə işləmək istəmirlər. Bugünkü gündə təhsili idarə edən şəxslərin təhsil sistemini idarə etməsi ölkənin təhsilinə də, intellektual təhlükəsizliyinə görə də, milli varlığına da böyük təhlükədir”.

 

Çimnaz Telmanqızı