Putin Prezidentdən təyyarə qəzasına görə üzr istəyib

Bölmə: Siyasət › ,
Tarix: 21:38 10.10.2025

Rusiya lideri qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub.

 

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Beynəlxalq konvensiyalara əsasən, əgər Rusiya öz ərazisində sərnişin təyyarələrinin uçuşuna icazə verirsə, onların təhlükəsizliyinə də zəmanət verməlidir:

 

 

 

"Azərbaycanla Rusiya arasında son vaxtlar müşahidə olunan soyuqluq, təyyarə qəzası ilə bağlı baş vermiş hadisə ilə əlaqədardır. Azərbaycan təyyarəsinin Rusiya səmasında faciəli şəkildə qəzaya uğraması beynəlxalq konvensiyaların pozulması deməkdir. Beynəlxalq konvensiyalara əsasən, əgər Rusiya öz ərazisində sərnişin təyyarələrinin uçuşuna icazə verirsə, onların təhlükəsizliyinə də zəmanət verməlidir. Baş vermiş hadisə əsl faciədir. Bunu həm Rusiya prezidenti, həm də Azərbaycan prezidenti qeyd edib. Təəssüf ki, Azərbaycanda bəzi ekspertlər bu hadisəni sifariş kimi təqdim etməyə çalışır, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlı görünürdülər. Halbuki bu, sifariş yox, faciə idi. Hər iki ölkə başçısı da bunu açıq şəkildə vurğulayıb. Bu hadisədə məsuliyyət istənilən halda Rusiyanın üzərindədir. Vladimir Putin çıxışında bildirib ki, Rusiya səmasında Ukraynaya məxsus dronların uçuşu ilə əlaqədar hava hücumundan müdafiə sistemi işə düşüb və nəticədə Azərbaycan təyyarəsi faciəli şəkildə qəzaya uğrayıb. Rusiya prezidentinin üzr istəməsi diplomatik normalara tam uyğundur".

 

Müsahib bildirib ki, bu hadisədən sonra iki dövlət arasında münasibətlərin yaxşılaşdırılması həm də Rusiyanın maraqlarına uyğundur:

 

"Çünki Rusiya cənub cinahının açıq qalması üçün mütləq şəkildə Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Bu həm siyasi, həm də iqtisadi baxımdan iki dövlətin, həm də milli maraqların tam uyğunluğuna xidmət edən bir məsələdir. Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevral ayında 43 maddədən ibarət bir saziş imzalanıb. Bu sazişin hər bir bəndi iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir və bu illər ərzində Rusiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edib. Təyyarə faciəsindən sonra Rusiyada fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində, xüsusilə erməni mənşəli şəxslər və erməni lobbisinin təsirində olan ictimai-siyasi xadimlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər. Bu hal Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. Baş verən hadisədən sonra üçüncü tərəflər bu faciədən maksimum istifadə etməyə çalışıblar. Rusiya-Azərbaycan münasibətlərinin korlanması nə Azərbaycanın, nə də Rusiyanın dövlət və milli maraqlarına uyğundur. Əksinə, münasibətlərin pozulmasında maraqlı olan üçüncü tərəflər var. Tarixən ermənilər Azərbaycanla Rusiya arasında münasibətlərin pozulmasında maraqlı olublar və bu fürsətdən istifadə ediblər. Eyni zamanda Qərb də bu münasibətlərin zəifləməsini istəmiş və baş verən hadisədən istifadə edərək psixoloji və informasiya müharibəsini gücləndirib. Bu da Azərbaycan cəmiyyətində yaxşı qarşıkanmayıb. Azərbaycandakı bəzi ekspertlər isə məsələyə emosional yanaşaraq, hadisəni Kremlin və ya Moskvanın sifarişi kimi təqdim ediblər və bu da cəmiyyətdə çaşqınlıq yaradıb".

 

Eyni zamanda müsahib bildirib ki, istənilən problem varsa, dövlətlərarası münasibətlər kütləvi informasiya vasitələrində deyil, rəsmi kanallar vasitəsilə, xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində həll olunur:

 

"Problem mövcuddursa, dövlət başçıları bir masa arxasında oturaraq onu müzakirə edib aradan qaldırmalıdırlar. Elə də olub. Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında baş tutan səmimi görüş bir daha göstərib ki, Azərbaycan-Rusiya münasibətləri yaxşılığa doğru inkişaf edəcək. Hadisə ilə bağlı zərərçəkənlərə təzminatın verilməsi və Rusiyanın üzrxahlığı göstərib ki, Rusiya da bu məsələdə maraqlı və məsuliyyətlidir. Azərbaycan prezidenti də xüsusilə, Putinə obyektiv araşdırma və münasibətin ciddiliyi üçün təşəkkürünü bildirib. Bu da onu göstərir ki, Azərbaycan tərəfi də münasibətlərin yenidən müsbətə doğru inkişafında maraqlıdır. Təbii ki, bu cür hadisələrdən sonra müəyyən təbliğat qrupları, yəni erməni diasporası və üçüncü qüvvələr məsələyə dezinformasiya yolu ilə müdaxilə etməyə, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışacaqlar. Onlar bu cür müsbət görüşlərə kölgə salmağa cəhd edəcəklər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanla Rusiya arasında münasibətlər yenidən inkişaf edəcək. Təyyarə qəzası ilə bağlı yaranmış problem artıq demək olar ki, həllini tapıb. Günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminatın ödənilməsi məsələsi də gündəmdədir. Dövlət başçıları artıq gələcəyə baxır. Keçmişdə ilişib qalmaq gələcəyə irəliləyişin qarşısını alır. Hazırda verilən mesaj aydındır. Qarşılıqlı əməkdaşlıq və inkişaf. Bu münasibət, ümumilikdə iki dövlət arasında əlaqələrin güclənməsinə xidmət edəcək".

 

Səmayə Səftərova