Vətən müharibəsi qəhrəmanı-Aslan Abbasovun əziz xatirəsinə

Bölmə: Sosial › ,
Tarix: 22:26 10.10.2025

Bəzən adlar tarixə iz salır. Səssiz, qürurlu və şəhidlik qədər uca bir zirvədə. Aslan Abbasovun adı da məhz belə adlardandır. O, 1995-ci ilin dekabrında dünyaya gəlib, amma 2020-ci ilin oktyabrında öz millətinin qürur səhifəsinə əbədi həkk olunub.

 

Aslan da minlərlə Azərbaycan gənci kimi  həyat sürüb. Xidmətini başa vurub, mülki işlə məşğul olub. Lakin Vətən çağıranda, o da tərəddüd etmədən silaha sarılıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbhəyə gedən yol onun üçün sadəcə döyüş xətti deyil  bu yol, həm də millətinə olan sevginin, vətənə olan borcun səsi idi.

 

Aslan Abbasov Suqovuşanın azadlığı uğrunda canını sipər edib. 10 oktyabr 2020-ci ildə - sadəcə 7 gün sonra - döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Onun adı sadəcə ailəsinin deyil, bütün Azərbaycanın ürəyində yaşamağa başlayıb.

 

Şəhidlər unudulmaz. Onların ömrü tarixə qızıl hərflərlə yazılır. Prezident İlham Əliyevin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif etməsi bu dəyərin rəsmi ifadəsidir. Amma xalqın verdiyi mükafat daha əbədidir: minnət, ehtiram və daim xatırlanmaq.

 

Aslan Abbasovun həyatı bir gəncin fədakarlığının, vətəninə olan sevgisinin canlı təcəssümüdür. Onun kimi qəhrəmanlarımız olduğu üçün bu torpaq bizimdir və bu bayraq bu qədər ucalardadır.

 

Aysun Vəliyeva