Putin etiraf edib-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:31 10.10.2025

Moskva / Bakı — Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da İranın Düşənbə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı bildirdi ki, 2024-cü ilin dekabrında 38 nəfərin həyatını itirdiyi Azərbaycan sərnişin təyyarəsi səhvən Rusiyanın hava müdafiəsi sistemləri tərəfindən vurulub.

 

Mövzu ilə bağlı politoloq Ramiz Əliyev “İnformator.az”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin “2024-cü ildə 38 nəfərin həlak olduğu Azərbaycan təyyarəsinin Rusiya hava müdafiəsi tərəfindən səhvən vurulduğunu” etiraf etməsi regionda mühüm siyasi rezonans doğurub:

 

“Bu açıqlama təkcə faciənin səbəblərinə işıq salmır, həm də Moskvanın ilk dəfə olaraq məsuliyyəti açıq şəkildə öz üzərinə götürdüyünü göstərir. Rusiya kimi böyük dövlətlər adətən hərbi və siyasi səhvlərini açıq şəkildə etiraf etmirlər. Putinin bu addımı atması bir neçə mühüm məqamı göstərir:

Birincisi, Azərbaycan artıq regionda güclü siyasi mərkəz kimi qəbul olunur. Prezident cənab İlham Əliyevin son illərdə formalaşdırdığı müstəqil və çevik xarici siyasət kursu, hərbi-siyasi qələbələr, qlobal layihələr və enerji təhlükəsizliyində oynadığı rol Bakının beynəlxalq nüfuzunu ciddi şəkildə artırıb. Rusiya da bu reallığı qəbul etməyə məcburdur.

İkincisi, Moskva ilə Bakı arasında strateji dialoq möhkəmlənir. Bu etirafın verilməsi Azərbaycanın tələbkarlığı, prinsipial mövqeyi və diplomatik gücü nəticəsində mümkün olub. Prezident cənab İlham Əliyevin “Böyük güclərlə bərabərhüquqlu münasibətlər” siyasəti məhz belə həssas məsələlərdə effekt verir

Üçüncüsü, bu addım Rusiya-Azərbaycan münasibətlərində şəffaflığın və qarşılıqlı etimadın yeni səviyyəsinə keçidi göstərə bilər. Etiraf – eyni zamanda üzrxahlığa doğru atılmış addım kimi qiymətləndirilə bilər. Bu etiraf təkcə ikitərəfli münasibətləri deyil, həm də Cənubi Qafqazda güc balansını dəyişdirə biləcək siyasi signaldır. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpa edilməsi Azərbaycanın regiondakı əsas söz sahibinə çevrildiyini göstərdi. Prezident cənab İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan təkcə ərazisini deyil, həm də böyük güclərin regionla bağlı qərarlarına təsir imkanını təmin etdi. Putinin etirafı bu geosiyasi reallığın qəbul edilməsidir.
Türkiyə, Avropa İttifaqı, Çin, Orta Asiya dövlətləri – hamısı artıq regionda Azərbaycanla strateji tərəfdaşlıq qurmağa üstünlük verir. Bu hadisə Azərbaycanın beynəlxalq legitimliyini və etimadını daha da gücləndirə bilər. Nəticə etibarilə, əgər Rusiya belə həssas məsələni etiraf edirsə, bu, regionda hegemonluq iddiasının dəyişdiyini göstərir. Güc balansı tədricən “təkqütblü Rusiya təsirindən – çoxqütblü və Azərbaycan mərkəzli yeni modelə” keçir".

 

Fatimə Hüseynli