Azərbaycanda siyasi məhbusların sayının artması

Bölmə: Siyasət › ,
Tarix: 23:33 10.10.2025

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin sayının artması yenidən ictimai və beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki, Azərbaycan dünyəvi və hüquqi dövlətdir:

 

“Konstitusiyada ölkənin əsas prinsipləri kimi hüquqi dövlət quruluşu, insan hüquqlarının qorunması və söz azadlığı təsbit olunub. Azərbaycan həmçinin demokratiya və insan haqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara — o cümlədən BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulub. Bu sənədlərə uyğun olaraq dövlət vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində öhdəliklər götürüb. Bununla belə, beynəlxalq arenada Azərbaycanla bağlı bəzən tənqidi fikirlər də səslənir. Bir sıra beynəlxalq təşkilatlar və Qərb dövlətləri ölkədə siyasi məhbusların sayının artdığını bildirir, bəzi hallarda bu vəziyyəti insan haqlarının pozulması kimi qiymətləndirirlər. Lakin bu məsələyə münasibətlər birmənalı deyil. Azərbaycan tərəfi hesab edir ki, bu cür iddialar bəzən obyektiv meyarlara deyil, böyük güclərin siyasi maraqlarına əsaslanır. Yəni, demokratiya dəyərləri bəzi beynəlxalq dairələr tərəfindən siyasi təzyiq vasitəsinə çevrilir. Əslində, demokratik dəyərlər və dünyəvilik hər bir müasir dövlətin əsas sütunlarından biridir. Azərbaycan da bu dəyərləri qorumağa çalışır. Lakin beynəlxalq münasibətlər sistemində demokratiya anlayışına fərqli yanaşmalar müşahidə olunur. Bəzi hallarda Qərb dövlətləri “demokratiya” və “insan haqları” anlayışlarından öz geosiyasi maraqları naminə istifadə edirlər. Bu baxımdan, hansı dövlət onların maraqlarına uyğun davranırsa, həmin ölkədə insan haqlarının vəziyyəti “qənaətbəxş” kimi göstərilir; əks halda isə həmin dövlət “avtoritar” və “demokratiyadan uzaq” adlandırılır. Məsələn, Gürcüstanda keçirilən son parlament seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı ilə baş tutsa da, Qərb dövlətlərinin bəziləri bu seçkilərin nəticələrinə şübhə ilə yanaşaraq, ölkəni antidemokratik siyasətdə ittiham ediblər. Bu, göstərir ki, bəzən demokratik meyarlar siyasi münasibətlər prizmasından qiymətləndirilir. Azərbaycan hakimiyyəti bildirir ki, ölkədə hər bir vətəndaş öz fikrini azad şəkildə ifadə edə bilər. Sosial media, ictimai müzakirələr və müxtəlif platformalar bu azadlığın təzahür formalarındandır. Lakin azadlıq anlayışı qanun çərçivəsində olmalıdır. Hər hansı vətəndaş ölkənin daxili qanunlarını pozarsa, onun məsuliyyətə cəlb olunması hüquqi məsələdir və bu hal siyasi məhkum kimi təqdim edilməməlidir. Azərbaycan dövlət qurumları hesab edir ki, “siyasi məhbus” anlayışı bəzən qərəzli şəkildə istifadə olunur və hüquqi məsuliyyətlə siyasi fəaliyyət bir-birinə qarışdırılır.
Ümumilikdə, Azərbaycanda insan hüquqları və siyasi azadlıqlar sahəsində görülən işlər davam etdirilir. Son illərdə ədalət mühakiməsinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək verilməsi və media azadlığının genişləndirilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilib. Bununla belə, beynəlxalq təşkilatlarla dialoqun davam etdirilməsi, şəffaflığın və hüquqi dövlət prinsipinin daha da möhkəmləndirilməsi ölkənin gələcək demokratik inkişafı üçün vacib istiqamətlərdən biridir”.

 

Fatimə Hüseynli