Ritual və Vərdişlərin Psixoloji Təsiri

Bölmə: Sosial › ,
Tarix: 23:37 10.10.2025

Həyatımızda gündəlik etdiyimiz kiçik vərdişlər və ritullar, əksər hallarda diqqət çəkməsə də, psixologiyamız üzərində əhəmiyyətli təsirə malikdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Sibel Piriyeva bildirib ki, gündəlik vərdişlər və ritualların zehni sağlamlıq və emosiyalara təsiri neyropsixoloji baxımdan çox güclüdür:

 

"Belə ki, rituallar və vərdişlər beyində amigdala və hipotalamus bölgələrinə “təhlükəsizlik” siqnalı göndərir. Bu, beyinə “hər şey nəzarət altındadır” mesajını ötürür. Nəticədə stress hormonları, xüsusilə kortizol azalır və insan sakitlik, rahatlıq hissi yaşayır. Vərdişlər “avtopilot rejimində” işlədiyi üçün prefrontal korteksin qərar vermək yükünü azaldır. Bu da daha az yorulma, daha çox diqqət və emosional balans deməkdir. Sabit gündəlik rituallar, məsələn, səhər yürüşü, meditasiya və ya musiqi dinləmək beynin dopamin və serotonin səviyyəsini tənzimləyir. Nəticədə əhval yüksəlir, motivasiya artır və depressiv halların qarşısı alınır.Bundan əlavə, rituallar — məsələn, səhər dua, şükür anı və ya günün sonunda özünü dəyərləndirmə — beyində oksitosin ifrazını artırır. Bu hormon bağlılıq və rahatlıq hissi ilə əlaqəlidir və nəticədə insan özünə və başqalarına qarşı emosional harmoniya yaradır.Stressin azaldılmasına və məhsuldarlığın artmasına kömək edən vərdişlər də mövcuddur. Bunlar arasında sakitləşdirici meditasiya dinləmək, hobbi ilə məşğul olmaq, fiziki aktivlik və ya səhər yürüşü etmək, kitab oxumaq, mandala rəngləmək, duş qəbul etmək, düzgün nəfəs alıb-vermək və tələsmədən yemək yemək göstərilə bilər. Rituallar və vərdişlər hər fərd üçün özünəməxsus şəkildə formalaşdırılır. Əgər fərdin hələ vərdişləri yoxdursa və psixoloji problemlər müşahidə edilmirsə, “Atom vərdişlər” kitabını oxuyaraq öz vərdişlərini yarada bilər. Digər yol isə psixoterapiya dəstəyi ilə həyat fəaliyyətini nizamlamadır".


Qəmər Kazımzadə