Netanyahu ilə Qəzza razılaşması müzakirə olunub-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:40 10.10.2025

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və keçmiş baş müşaviri, Donald Trampın kürəkəni Cared Kuşner İsrailə səfər ediblər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Tramp əvvəldən bölgədə sülh tərəfdarı olub:

 

"Onun məqsədi budur ki, regionda münaqişələr dayansın — bu da seçicilərinə verdiyi vədə uyğun gəlir. O, dünyada müharibələrin azalacağını və yeni münaqişələrin başlamayacağını va’d edib. Trampın atəşkəsə çalışması həm seçicilərin gözləntilərinə, həm də onun imicinə uyğundur; eyni zamanda bu, onun Nobel Sülh mükafatına namizədliyini gücləndirmək istəyilə də bağlıdır. Oktyabrın 6-na qədər olan dövr əsas götürülsə də, son günlərdə baş verən hadisələr də nəticələrə təsir edə bilər — Nobeldə belə sürpriz dəyişikliklər ola bilər. Tramp həmçinin Qəzzanın gələcəyi ilə bağlı fərqli planlara malikdir. Məsələn, o, orada yeni bir şəhər salınmasını təklif edib — böyük investisiyaların cəlb olunacağı, müxtəlif ölkələrdən (o cümlədən ABŞ və ərəb ölkələrindən) insanları yerləşdirəcək bir layihə nəzərdə tutulur. Tony Blair də belə bir təşəbbüsü dəstəkləyir. Lakin bu layihənin reallaşıb-reallaşmayacağı şübhə altındadır, çünki Həmas idarəçiliyi qalarsa, həmin şəhərin tamamlanıb fəaliyyətə veriləcəyi sual altındadır.Tramp həmçinin İsrailə təzyiq göstərərək hərbi əməliyyatların dayandırılmasını tələb edə bilər. Hərbi əməliyyatların davam etməsi İsrailin beynəlxalq nüfuzuna ciddi zərbə vura və ABŞ-nin tərəfdar olması belə mənfi rəyin qarşısını ala bilməz. BMT Təhlükəsizlik Şurasında da bir sıra ölkələr İsrailə qarşı sərt mövqe tutaraq müharibənin dayandırılmasını, insanlıq və soyqırım iddialarının araşdırılmasını istəyirlər; yalnız ABŞ bəzən bu cür qətnamələri bloklayır.Bütün bu səbəblərdən Trampın atəşkəsə çalışması həm İsrailə qarşı beynəlxalq təzyiqləri, həm də ABŞ-yə qarşı qlobal narazılığı azaltmaq məqsədi daşıyır. İki ildən artıq davam edən münaqişədə İsrailin istədiyini tam əldə edə bilməməsi fonunda belə bir status-kvo yaratmaq və müharibədən çıxmaq üçün atəşkəsə üstünlük vermək məntiqlidir. Məncə, bu addım vacib və məqsədəuyğundur".

 

Qəmər Kazımzadə