İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib

Bölmə: Siyasət › ,
Tarix: 18:58 12.10.2025

Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

 

"İnformator.az" xəbər verir ki, müraciətdə deyilir:

 

"Hörmətli tədbir iştirakçıları,

 

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

 

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

 

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.