18 oktyabr- Müstəqilliyin bərpası günü

Bölmə: Araşdırma › ,
Tarix: 16:35 18.10.2025

Hər millətin tarixində elə bir gün olur ki, o gün illərin ağrısını, əsrlərin həsrətini bir anda dəyişir. Azərbaycan üçün bu gün-18 oktyabr, elə bir gündür. 1991-ci ilin məhz bu tarixində Azərbaycan Ali Soveti “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Bu sənəd təkcə bir dövlətin yaranmasını deyil, əsrlərlə çəkən mübarizənin, susdurulan səsin, boğulan ümidlərin dirçəlişini simvolizə edib.

 

O gün xalq azadlığın nə demək olduğunu bir daha dərk edib. Bu müstəqillik sadəcə kağız üzərindəki bir qərar deyil, o, xalqın qanı, canı, arzusu və iradəsi ilə yazılan bir tarix olub. 70 illik sovet əsarətindən sonra milli kimliyimizin, dilimizin, bayrağımızın yenidən dirçəlməsi olub.

 

Amma azadlıq sadəcə əldə edilən deyil, qorunması vacib bir nemətdir. 18 oktyabr bizə bunu xatırladıb: müstəqillik yalnız bir sənədin adı deyil, hər bir vətəndaşın qəlbində yaşamalı bir hissdir. Müstəqil dövlət olmaq, onu hər gün bir az da möhkəmləndirmək deməkdir-təhsil də, mədəniyyət də, ordu da, iqtisadiyyat da və düşüncə də.

 

Bu gün müstəqilliyin 34-cü ilini qeyd edərkən, bir daha anlamaq lazımdır ki, bu azadlıq təkcə keçmişin qüruru deyil, gələcəyin məsuliyyətidir. Bayrağımız hər dalğalandıqca, şəhidlərimizin ruhu rahatlıq tapır, vətənimizin sabahı daha işıqlı olur.

 

18 oktyabr-sadəcə təqvimdə bir tarix deyil, Azərbaycanın yenidən doğulduğu gündür.

 

Banuçiçək Məmmədova