Səyahət beynimizi necə dəyişdirir: Yeni yerlər, yeni düşüncələr
Bölmə: Maraqlı ›
,
Tarix: 22:29 29.10.2025
Səyahət yalnız əyləncə və istirahət vasitəsi deyil. Yeni şəhərlər, fərqli mədəniyyətlər və fərqli təcrübələr beynimizin yaradıcılıq, öyrənmə və emosional bacarıqlarına təsir edir. Psixoloqlar və nevroloqlar sübut edirlər ki, səyahət beyin fəaliyyətini stimullaşdırır, yaddaşı gücləndirir və fərdi inkişafı sürətləndirir. Bu müsahibədə biz səyahətin psixoloji və nevroloji təsirlərini, yaradıcılığa və gündəlik həyatda qərarverməyə olan rolunu müzakirə edəcəyik.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, insanlar bir yerə səyahət edərkən çox rahat olurlar:
“Dincəldiklərinin fərqində olurlar. Onların həyat enerjisi artır, iş görmək qabiliyyəti yüksəlir, həyat keyfiyyetinə də müsbət təsir edir. Eyni zamanda turizm tərifindən də göründüyü kimi, turizm yaşadığın mühitdən çıxaraq başqa mühitə səyahət, orda zaman keçirmək, asudə vaxtı dəyərləndirməkdir. Bu mənada yeni yerlərə səyahət beyin fəaliyyetinə də, yaradıcılıq qabiliyyətinə də müsbət təsir göstərir. Həyat təcrübəsini də artırır. Məhz bu səbəblərə görə də yaşadığımız bu sürətli zaman kəsiyində insanların həyatı da stresslidir. Az zamanda çox iş görmək, çox fəaliyyət göstərmək məcburiyyətində oluruq. Əlbəttə ki, bunun ən gözək həll yolu məhz istirahət etməkdir. Səyahət özü də bir rekriasiya fəaliyyətidir. Rekriasiya insanların öz sağlamlığını, psixi vəziyyətlərini, emosional dünyalarını bərpa etmək deməkdir. İnsanlar bir yerə səyahət edərkən öz psixoloji vəziyyətlərini təzələyir, fiziki güclərini bərpa edirlər. Bilavasitə insanların fiziki mənəvi zehni, gücləri bərpa olunur”.

Banuçiçək Məmmədova


