Xalq artisti Elmira Şabanova bu gün 85 yaşını qeyd edib

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:36 01.11.2025

Bu gün Azərbaycanın tanınan teatr və kino aktrisası, Xalq artisti Elmira Şabanova 85 yaşını qeyd edib.

 

Elmira Ələkbər qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakı şəhərində anadan olub. O, 1962-ci ildən sənət fəaliyyətinə başlayaraq Azərbaycan teatrı və kinosunun unudulmaz simalarından birinə çevrilib. Elmira xanımın “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “40-cı qapı” kimi filmlərdə yaratdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz buraxıb. Həm səhnədə, həm də ekran qarşısında onun təbii ifası, səmimiyyəti və emosional dərinliyi sənətsevərlər tərəfindən daim yüksək qiymətləndirilib. Sənətkarın yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də dəyərləndirilib: 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Elmira Şabanova uzun illər pedaqoji fəaliyyətlə də məşğul olaraq gənc aktyorların yetişməsində mühim rol oynayıb. Bu gün doğum gününü qeyd edən Elmira xanım Şabanovaya möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan mədəniyyəti onun kimi sənətkarlarla qürur duyur.

 

Ədilə Hüseynzadə