Emin Sabitoğlu-Melodiyalarda Yaşayan Ömür
Bölmə: Mədəniyyət ›
,
Tarix: 00:16 03.11.2025
2 noyabr-Azərbaycan musiqi mədəniyyətinin incilərindən biri, unudulmaz bəstəkar Emin Sabitoğlunun doğum günüdür. O, yalnız bir bəstəkar deyil, o, hər notunda duyğuları danışdıran, hər melodiyasında bir xalqın ruhunu yaşadan sənətkar idi.
Emin Sabitoğlu 1937-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan musiqiyə olan sevgisi onu Moskvada təhsil almağa, böyük sənət zirvələrinə aparan yola çıxarıb. Onun bəstələri Azərbaycan musiqisinin qızıl səhifələrinə həkk olunub: “Gözlərimin nuru”, “Gəl, ey səhər”, “Qocalar, qocalar”, “Bəxt üzüyü” və daha neçə-neçə əsər bu gün də dillərdən düşmür, qəlbləri oxşayır.
Sabitoğlu musiqidə sadəliyin və səmimiyyətin sehrini yaradıb. O, mahnılarında insanın ən təmiz hissələrinə toxunmağı bacarıb-sevgi, nisgil, ümid və xatirə onun notlarında birləşib. Xalq onun musiqisində özünü tapırdı, öz həyatını, öz sevincini, bəzən də kədərini.
Bu gün onun doğum günündə biz yalnız bir bəstəkarı deyil, bir dövrün səsini anırıq. Emin Sabitoğlu bizim yaddaşımızda sadəcə melodiyalarla deyil, ruhumuza hopan bir istiliklə yaşayır.
O, çoxdan dünyasını dəyişsə də, mahnılarının hər sədasında hələ də eyni təmizlik, eyni sevgi var.
Çünki böyük sənətkarlar ölmür-onlar musiqi kimi əbədiləşir.
Banuçiçək Məmmədova


