Mehdi Hüseynzadə-qəhrəmanlığın səsi susmur

Bölmə: Maraqlı › ,
Tarix: 00:20 03.11.2025

2 noyabr-Azərbaycan xalqının igid oğlu, İkinci Dünya müharibəsinin əfsanəvi partizanı Mehdi Hüseynzadənin (Mixaylo) şəhidlik günüdür. Bu tarix təkcə bir qəhrəmanın itkisi deyil, eyni zamanda xalqın azadlıq və mərdlik iradəsinin simvoludur.

 

1918-ci ildə doğulan Mehdi Hüseynzadə uşaqlıqdan elmə, sənətə, ədəbiyyata maraq göstərib. Amma tarix onun üçün başqa bir taleyin qapısını açıb-müharibə illəri. O, cəbhəyə yollandı, əsir düşdü, lakin əsirlik onun ruhunu sındıra bilməyib. Qaçaraq İtaliyada və Yuqoslaviyada partizan hərəkatına qoşulub, düşmənə qarşı misilsiz qəhrəmanlıqlar göstərib.

 

“Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadə düşmənə aman verməyən cəsur döyüşçü, eyni zamanda böyük intellekt sahibi idi. O, almanların toplandığı kazinonu partlatmaqla yüzlərlə faşisti məhv edən, sayca az olsa da, ruhca uca bir xalqın adını Avropada ucaldaraq tarixə düşüb.

 

1944-cü ilin 2 noyabrında o, Sloveniya torpaqlarında mühasirəyə düşüb. Düşmənə təslim olmayıb-son gülləsini özünə sıxıb, amma ləyaqətini qoruyub. Qəhrəman adını, Azərbaycan adını o anda əbədi edib.

 

Mehdi Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Lakin onun ən böyük mükafatı xalqın yaddaşında yaşamaqdır.

 

Bu gün onun adını daşıyan küçələr, məktəblər, abidələr var. Amma ən böyük abidə-xalqın qəlbindəki hörmət və minnətdir.

 

Mehdi Hüseynzadə-o, təkcə bir döyüşçü deyil, Azərbaycan qəhrəmanlığının simasıdır. Onun səsi susmur, çünki azadlıq üçün döyüşənlərin xatirəsi əbədidir.

 

Banuçiçək Məmmədova