KİV: Böyük Britaniyanın dövlət borcu 20 ildə üç dəfə artıb
Bölmə: İqtisadiyyat ›
,
Tarix: 22:13 03.11.2025
Birləşmiş Krallığın dövlət borcu 2,9 trilyon funt sterlinq (təxminən 3,8 trilyon ABŞ dolları) təşkil edir və bu, demək olar ki, ölkənin Ümumi Daxili Məhsuluna bərabərdir. Bu səbəbdən Böyük Britaniya hər il 100 milyard funt sterlinqdən (təxminən 130 milyard ABŞ dolları) çox məbləği borcun faizlərinin ödənilməsinə xərcləyir. Yalnız İspaniya və ABŞ son 20 ildə dövlət borcunun bu cür sürətlə artmasını qeydə alıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, əgər xərclər düzgün planlaşdırılsa və bəzi sahələrdə qənaət edilərsə, dövlət həm borc səviyyəsini azalda bilər, həm də növbəti illərdə faiz ödənişi yükünü yüngülləşdirə bilər:
"İqtisadi dövriyyədə dövlət borcunun artmasının səbəbləri də qeyd edilir. Böyük Britaniyada da bu artım eyni iqtisadi səbəblərlə bağlıdır. Birincisi, iqtisadi şoklar zamanı, məsələn, 2008-ci ildə ABŞ-də başlayan qlobal maliyyə böhranı zamanı dövlətlər iqtisadi nəzəriyyəyə əsasən borclanaraq iqtisadiyyata dəstək verməyə çalışırlar. Amma növbəti illərdə bu borcların qaytarılması üçün tədbirlər görülməlidir. Lakin siyasi konfiqurasiya adətən buna imkan vermir. Yeni hakimiyyətə gələn liderlər borcu qaytarmağa cəhd göstərmirlər, çünki bu, vergi artımı və dövlət xərclərinin azaldılması ilə mümkün ola bilər. Bu da onları qeyri-populyar edir. Demokratik və populyist ölkələrdə bu cür addımlar siyasi baxımdan risklidir. Belə ölkələrdə liderlər seçici kütlənin narazılığından çəkinərək borcun azaldılması istiqamətində ciddi addımlar atmırlar. Amma krallıq və ya avtoritar rejimlərdə bu proseslər daha asan icra olunur, çünki orada qərarların qəbulu daha sərbəstdir. Hazırda isə yüksək faiz dərəcələri və inflyasiya borcun idarəolunma qabiliyyətini zəiflədir. Borcun bu səviyyədə yüksək olması artıq riskli həddədir və dövlət büdcəsində sosial layihələrə ayrılması gözlənilən vəsaitin əhəmiyyətli hissəsi sadəcə borcun faizlərinin ödənilməsinə yönəlir".
Ekspert qeyd edir ki, bu vəziyyət dövlətin, büdcənin və əhalinin üzərində ciddi maliyyə yükü yaradır:
" Ən çox zərbə isə vergi ödəyicilərinə dəyir. Borcun yüksəlməsi Böyük Britaniya iqtisadiyyatına birbaşa təsir edir və bu təsir ilk növbədə büdcədə özünü göstərir. Vergilərlə formalaşan dövlət büdcəsinin böyük bir hissəsi artıq borcun faiz ödənişlərinə yönəlir. Bu isə sosial sahələrə və digər strateji sahələrə ayrılmalı olan vəsaitin azalması ilə nəticələnir. Dövlət borclanmanı artırdıqca, yeni borclar cəlb etmək üçün faiz dərəcələrini artırmalı olur. Bu isə bazarda ümumi faiz səviyyəsini yüksəldir. Belə olan halda özəl sektor üçün kredit almaq çətinləşir, çünki maliyyə bazarında dövlətin yüksək faizlə borc alması özəl investisiyaları sıxışdırıb çıxarır. Digər tərəfdən, yüksək dövlət borcu xarici investorların da inamını azaldır. Belə ölkələrə olan etibar zəifləyir, risk reytinqləri aşağı düşür və defolt, yəni öhdəliklərini yerinə yetirə bilməmə ehtimalı, az da olsa, yaranır. Bu da ölkənin xarici investisiyalar üçün cazibəsini azaldır. Nəticədə dövlətin faiz ödənişlərinə ayırdığı vəsait artır, bu isə həm büdcəyə, həm də cəmiyyətə əlavə yük yaradır. Eyni zamanda ölkənin uzunmüddətli inkişaf perspektivləri zəifləyir və sosial problemlər arxa plana keçir. Dövlət borcunun azalması üçün bir neçə mühüm addım atıla bilər. Ən önəmlisi, ciddi fiskal qaydaların tətbiq olunmasıdır. Belə ki, hər bir gələcək baş nazir və ya dövlət başçısı bu qaydalara riayət etməlidir. Bu yolla populyist siyasətlərin qarşısı alına bilər və dövlət xərclərinə nəzarət gücləndirilər. Dövlət populizmi cilovlamalı, qeyri-zəruri xərcləri ixtisar etməli və maliyyə idarəçiliyini daha effektiv hala gətirməlidir. Eyni zamanda, borc idarəçiliyi də təkmilləşdirilməli, dövlətin maliyyə strukturu optimallaşdırılmalıdır. Əgər xərclər düzgün planlaşdırılsa və bəzi sahələrdə qənaət edilərsə, dövlət həm borc səviyyəsini azalda bilər, həm də növbəti illərdə faiz ödənişi yükünü yüngülləşdirə bilər. Bu isə dövlət büdcəsinə əlavə rahatlıq qazandırar. Lakin təəssüf ki, siyasətçilər çox zaman yalnız öz dövründəki göstəriciləri ön planda tuturlar. Performansı qısa müddətdə artırmaq üçün borclanmanı seçirlər. Bu isə uzunmüddətli həll yollarını arxa plana keçirir. Vergilərin artırılması da nəzərdən keçirilə bilər. Lakin bu addım həm qeyri-populyardır, həm də iqtisadiyyatı daralda bilər. Əgər dövlətlər fiskal çərçivə yaratmaqdan yayınsalar və bu məsələyə könüllü şəkildə yanaşmasalar, problemin miqyası böyüyəcək və davamlı olaraq ertələnəcək".
Səmayə Səftərova


