“Əgər Çin Tayvana qarşı real hərbi addım atarsa,…..”-ŞƏRH
Bölmə: Siyasət ›
,
Tarix: 17:31 04.11.2025
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çinin Tayvana hərbi müdaxilə etməsi halında yaranacaq siyasi və strateji nəticələr barədə danışıb.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın açıqlamaları Asiya-Sakit okean regionunda gərginliyin yeni mərhələyə keçə biləcəyinə işarədir:
“Trampın son bəyanatı göstərir ki, ABŞ-Çin münasibətləri artıq təkcə iqtisadi və texnoloji rəqabət çərçivəsində deyil, ciddi siyasi və hərbi müstəviyə keçmək üzrədir. Əgər Çin Tayvana qarşı real hərbi addım atarsa, bu, Vaşinqtonun qlobal strategiyasına təsir edəcək və ABŞ-nin regiondakı hərbi iştirakını daha da artıracaq. Belə bir ssenari, eyni zamanda, ABŞ və müttəfiqlərinin təhlükəsizlik doktrinasının yenilənməsinə səbəb ola bilər.Trampın yanaşması sadəcə daxili siyasi ritorika deyil, ABŞ-nin gələcək xarici siyasət kursuna işarədir. Trampın məqsədi Çinə aydın mesaj verməkdir ki, Tayvan məsələsi ABŞ üçün qırmızı xəttdir. O, Tayvana açıq dəstəyin zəruri olduğunu vurğulayır və adanın müdafiə imkanlarının artırılmasını, hərbi-texnoloji əməkdaşlığın gücləndirilməsini vacib sayır. Bu isə o deməkdir ki, ABŞ gələcəkdə Tayvana daha çox silah-sursat, müdafiə sistemi və kəşfiyyat dəstəyi təmin edə bilər. Bu vəziyyət təkcə Pekin və Taypey münasibətlərinə deyil, bütövlükdə regionun sabitliyinə təsir göstərə bilər. Əgər Çin Tayvana qarşı hərbi əməliyyatlara başlasa, bu, Asiya-Sakit okean hövzəsində yeni təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilər. Bu halda Yaponiya, Cənubi Koreya, Avstraliya və Hindistan kimi ölkələr də məsələyə birbaşa cəlb olunacaq. Regionda ABŞ-nin hərbi bazalarının aktivləşməsi, eyni zamanda Çinə qarşı koordinasiyalı təzyiqlərin artması gözləniləndir. Trampın ritorikası həm də Çin iqtisadiyyatına dolayı təzyiq mexanizmi kimi qiymətləndirilə bilər. Trampın hakimiyyətdə olduğu dövrdə tətbiq edilən ticarət məhdudiyyətləri və texnoloji sanksiyalar artıq Pekin üçün ciddi iqtisadi zərbə olmuşdu. İndi isə Tayvan məsələsinin yenidən gündəmə gətirilməsi Çinə qarşı psixoloji təzyiq vasitəsidir. ABŞ istəyir ki, Çin regional güc balansını pozmadan, status-kvonu qorumağa məcbur olsun. Tayvanla bağlı gərginlik təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal güclərin yeni qarşıdurma xəttidir. Bu münaqişənin böyüməsi Avropadan tutmuş Yaxın Şərqə qədər bir çox regionda siyasi dinamikanı dəyişə bilər. Çünki Tayvan yarımkeçirici istehsalında liderdir və burada baş verən hər hansı böhran bütün dünya sənayesinə təsir edəcək. Buna görə də Trampın bu məsələni gündəmə gətirməsi, əslində, ABŞ iqtisadi maraqlarının da müdafiəsi anlamına gəlir. ABŞ-Çin münasibətləri yaxın dövrdə daha gərgin və rəqabətli fazaya keçə bilərTrampın bəyanatı bir növ xəbərdarlıqdır əgər Çin Tayvana toxunsa, ABŞ sadəcə diplomatik bəyanatlarla kifayətlənməyəcək. Regionda güc nümayişi artacaq, hərbi təlimlər və müttəfiqlərlə birgə fəaliyyətlər daha intensiv olacaq. Bu da bütövlükdə beynəlxalq təhlükəsizlik mühitini daha riskli vəziyyətə gətirəcək”.
Ayşə Müzəfərli


