“Hazırki Fələstin-İsrail problemi də Osmanlının süqutunun nəticəsində meydana çıxıb”-ŞƏRH
Bölmə: Siyasət ›
,
Tarix: 17:53 04.11.2025
ABŞ səfiri Qərbi Osmanlının süqutundan sonra Yaxın Şərqdə yanlış siyasət yürütməkdə ittiham edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə Qərbin, xüsusən də Avropanın həmişə İslam və Türk dünyasına rəqabəti olub və tarix boyu bu özünü göstərib:
“Qərbin Yaxın Şərqdəki maraqları, əsasən də istismar planları qarşısında Osmanlı həmişə maneə yaradıb. Nəticədə Osmanlı süqut etdikdən sonra Şimali Afrika da daxil olmaqla Yaxın Şərq Qərbin təsiri altına düşüb. Şübhəsiz ki, hazırki Fələstin-İsrail problemi də Osmanlının süqutunun nəticəsində meydana çıxıb. Əslində indiki Fələstin və İsrail Osmanlı coğrafiyasına daxil idi. İndiki Türkiyənin keçmiş Osmanlı ərazilərindəki təsiri və rolu tarixi, ideoloji əsaslara dayanır. ABŞ-nin səfirinin bu etirafı əslində tarixi gerçəkliyi ortaya qoyur. Qərb Osmanlı ərazisində yerləşən əraziləri yalnız istismar etmək barədə düşünüb. Qurulan dövlətlərin aqibəti barədə mühüm əhəmiyyətli məsələlər kənara qoyulub. Bu da sonrakı münaqişələrə, bu günə qədər gəlib çatmış problemlərə bünövrə təşkil edib. Qərbin Yaxın Şərqdəki siyasəti region ölkələrinin suverenliyinə, təhlükəsizliyinə hər zaman təhlükə yaradıb, qeyri-stabil durum davamiyyət təşkil edib. Lakin Tramp administrasiyasının bu həqiqətləri müəyyən qədər qəbul etməsi və siyasi strategiyada dəyişiklik cəhdləri ümidvericidir. Osmanlının varisi kimi Türkiyənin rolun və təsirinin, eyni zamanda bölgədəki əhəmiyyətini nəzərə almaqdan sülhün və sabitliyin mümkün olmayacağı artıq reallıqdır. İsrail-Fələstin məsələsinin həllinin mümkünlüyü də Türkiyənin rolu ilə mümkündür. Səfirin bu açıqlamasının Qərb dövlətləri arasında geniş fikir ayrılığı yaradacağına inanıram. Çünki artıq Avropa ölkələri etiraf etməsələr də bu həqiqətləri qəbul edirlər. Böyük Britaniya və Fransanın Fələstini tanımasının özü Qərbin vaxtilə yol verdiyi Yaxın Şərq siyasətinə dəyişiklik edilməsinin təzahür kimi qiymətləndirilə bilər. ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətdə dəyişiklik onun Türkiyə və ərəb ölkələri ilə əsasən iqtisadi maraqları çərçivəsində baş verir. Lakin bu maraqların təminatı üçün də sabitliyin şərt olmasını anlayır. Nəticədə siyasətində dəyişikliklər, müəyyən korrektələr etməyin labüdlüyünü etiraf edir”.
Aytac İbrahimova


