“Misir, Pakistan və Azərbaycan Qəzzada hər zaman sabitlik və sülhün bərqərar olmasında maraqlı olublar”-ŞƏRH
Bölmə: Siyasət ›
,
Tarix: 17:55 04.11.2025
Türkiyə Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrə hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis-minatəmizləmə bölmələri göndərə bilər. İştirak məsələsinin bu həftənin sonuna qədər dəqiqləşəcəyi gözlənilir.
Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəlcə demək lazımdır ki, Qəzza ilə bağlı hərbi kontingentlərin göndəriləcəyi barədə xəbərlər kifayət qədər sevindiricidir:
“Çünki son 2 ildə Qəzzada dünya böyük faciələrin şahidi olub, hətta deyərdik ki, böyük faciələrə seyirci qalıb, körpələrin ah-nalələri son 2 ildə daha çox yüksəlib. Düşünürəm ki, sonuncu atəşkəs razılaşması dünyanı, o cümlədən Azərbaycanı necə sevindirdisə, dövlətlərin hərbi kontingentlərin göndərəcəkləri barədə xəbərləri də onun qədər sevindiricidir. Xüsusilədə Misir, Pakistan və Azərbaycanın Qəzzaya hərbi kontingent göndərəcəyi barədə xəbərlər reallaşarsa, bu gələcək baxımından çox müsbət bir irəliləyiş ola bilər. Çünki Misir, Pakistan və Azərbaycan Qəzzada hər zaman sabitlik və sülhün bərqərar olmasında maraqlı olublar. Sabitlik və təhlükəsizlik üçündə bu 3 ölkə sona qədər öz mövqeyini qoruyacaq, əlindən nə gəlirsə edəcək. Bu addımlar İsrail və Fələstin arasında gərginliyin azalmasına səbəb verəcək. Bunun ömrü nə qədər uzun olacaq onu gələcək baxımından söyləmək mümkündür, çünki biz indiyə qədər dəfələrlə bu cür atəşkəslərin şahidi olmuşuq, lakin tez-tez də atəşkəsin pozulduğunun şahidi olmuşuq. Son olaraq da 2023-cü ilin oktyabrındakı HƏMAS-ın hücumundan sonra bir daha atəşkəsin pozulduğunu və ondan sonra da 2 ildə nələr baş verdiyinin şahidi olduq. Təbii ki, qardaş ölkənin bu məsələdəki rolunun kifayət qədər artması çox müsbətdir, olduqca sevindiricidir".
Həmçinin şərhçi qeyd edib ki, regional balansın qorunması baxımından da çox önəmlidir:
"Qardaş Türkiyənin bu məsələdə mövqeyi hər kəsə məlumdur. Türkiyə daim Fələstinin yanında olub. Qəzza faciəsinə seyirci qalmayıb, daim öz mövqeyini ifadə edib. Bundan sonra da öz mövqeyini ifadə edəcəyinə əmin olmalıyıq və Azərbaycanında Qəzzaya təbii ki, humanitar və hərbi yardımlar göstərməsi beynəlxalq nüfuzunu bir daha artıran amillərdən biri olacaq. Dünya görəcək ki, artıq Azərbaycan təkcə yerləşdiyi regionda deyil, dünyanın müxtəlif regionlarında baş verən münaqişələrin tənzimlənməsində, aradan qaldırılmasında, sülhün bərqərar olunmasında Cənubi Qafqazın lider ölkəsi kimi yaxından iştirak edir. Bu da təbii ki, Azərbaycan dövləti adına çox müsbətdir. Hesab edirəm ki, Qəzzaya əgər Azərbaycan kontingent göndərərsə təbii ki, beynəlxalq aləmdə diplomatik və siyasi nəticələri özünü göstərəcək”.
Aytac İbrahimova


