Vətən Müharibəsi Qəhrəmanı-Müşviq İsmayılzadənin əziz xatirəsinə

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:59 04.11.2025

Azərbaycanın qəhrəman oğulları xalqımızın azadlığı və dövlətimizin bütövlüyü uğrunda canlarını fəda edərək əsl igidlik nümunəsi göstəriblər. Onların keçdiyi şərəfli həyat yolu və göstərdikləri fədakarlıq Azərbaycan gəncliyi üçün vətənpərvərlik məktəbidir. Belə qəhrəmanlardan biri də Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan İsmayılzadə Müşfiq Xanlar oğludur. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq və Vətənə sədaqəti xalqımızın yaddaşında daim yaşayacaq.


İsmayılzadə Müşfiq Xanlar oğlu 16 oktyabr 1994-cü ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 2001-ci ildə Tovuz rayon Alakol kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə Gəncə şəhər 44 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib.

2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına gedib, bir müddət orada çalışıb, 2016-cı ildə Azərbaycana geri dönüb.

 

2019-cu ildən MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. İsmayılzadə Müşviq Xanlar oğlu Vətən müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub. O, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yer alıb.


1 oktyabr 2020-ci ildə Kəlbəcər rayon istiqamətində şəhidlik zirvəsinə ucalıb. 19 dekabr 2021-ci ildə Tovuz rayonu Alakol kəndində dəfn olunub.


İsmayılzadə Müşviq Xanlar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.


Nuray Əliyeva