Türkiyə Qəzza üzrə beynəlxalq toplantıya ev sahibliyi edəcək

Bölmə: Siyasət › ,
Tarix: 18:33 04.11.2025

Sabah İstanbulda Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın sədrliyi ilə “Qəzza Zirvəsi” keçiriləcək. Zirvədə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirlərinin iştirak edəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə Qəzza məsələsi ilə bağlı güclü ölkələrdən biridir, yəni olduqca operativ ölkədir:


"Bu məsələlərlə bağlı Fələstinin hüquqlarını müdafiə edən əsas ölkədir. Buna görə də düşünürəm ki, Türkiyənin bu toplantıya ev sahibliyi etməsi, mövqe ortaya qoyması problemin həlli baxımından olduqca əhəmiyyətlidir. Bu eyni zamanda Qəzzada olan insanlara dəstək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bura paralel şəkildə gələcək ölkələrə baxsaq, Ərəb ölkələri və Pakistan bu tədbirdə iştirak edəcək. Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya İslam Əməkdaşlıq Təşkilatının aparıcı ölkələridir. İndoneziya ən böyük müsəlman icması yaşayan ölkədir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı isə ərəb dünyasının ən zəngin ölkələridir. İordaniyanı peyğəmbərin nəsli, yəni Haşimilər sülaləsi idarə edir, bu baxımdan İslam dünyasında xüsusi əhəmiyyətə malik olan ölkədir. Türkiyənin keçirdiyi bu toplantı bir növ İslam dünyasının səsi formasını daşıyır. Bu ilk növbədə, İslam dünyasının əsas nüvəsini təşkil edən ölkələri Qəzza məsələsi ilə bağlı mövqe ortaya qoyması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qəzza bölgəsində son dövrlərdə toqquşmaların baş verməsi, İsrailin atəşkəsdən sonra bir neçə dəfə Qəzza bölgəsini vurması belə bir toplantının keçirilməsi və İslam ölkələrinin Qəzza məsələsi ilə bağlı ortalığa mövqe qoyması xüsusi əhəmiyyət kəsb edir. Bu həm ABŞ-yə, həm də İsrailə xüsusi mesajdır".

Günel Əlili