“Livan ilə İsrail arasında münasibətlər gərginləşir”-ŞƏRH
Bölmə: Siyasət ›
,
Tarix: 18:34 04.11.2025
“Hizbullah”ın silahlı birləşmələri Livanda yenidən silahlanmağa çalışır". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasındakı çıxışı zamanı deyib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, "Hizbullah" ilə İsrail arasında 1 ildən artıq olan bu atəşkəs rejimi yenidən bərpa oluna bilər:
"Keçən il noyabr ayında ikitərəf razılaşıb ki, atəşkəs elan olunsun. Livanın cənubu, "Hizbullah"ın təsir dairəsi geniş olan yerə UNIFIL Təşkilatının sülhməramlı qüvvələri yerləşdirib. Bazar günü İsrailin hərbi qüvvələri (ÇAXAL ) "Hizbullah"a məxsus dörd nəfər hərbiçini öldürməkləri haqqında məlumat veriblər və "Hizbullah" da bunu təsdiq edib. Buna da səbəb UNIFIL-in verdiyi məlumata görə Livanın cənub tərəfinə İsrailin dronları müdaxilə edib və UNIFIL həmin dronları məhv ediblər. Bundan sonra həm "Hizbullah", həm də İsrail arasında konfrontasiya yaranıb. İndiki halda İsrail Livandan tələb edir ki, "Hizbullah"ı tərksilah etsin. Həm Livan ilə İsrail arasında münasibətlər gərginləşir, həm də UNIFIL ilə İsrail hərbi qüvvələri arasında münasibətlər xeyli gərgindir. Bu da yenidən Yaxın Şərqdə qarşıdurmanın alovlanmasına səbəb olacaqdır. Belə ki, "Hizbullah" əvvəllər İran tərəfindən idarə olunan terrorist bir təşkilatdır və onun Livanda təsir dairələri çox böyükdür".
Günel Əlili


