Türkiyədən Rusiya və Ukraynaya təklif
Bölmə: Siyasət ›
,
Tarix: 18:41 04.11.2025
Türkiyə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında bir daha vasitəçilik etməyə hazırdır.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqları ilə bağlı vasitəçilik edib:
"Türkiyə bu məsələdə vasitəçiliklə bağlı hər iki tərəflə dəfələrlə müzakirələr aparıb. Türkiyənin məqsədi Qara dəniz ölkəsi olan Ukraynanın ərazi bütövlüyü suverenliyinin təmin olunması, müharibənin birdəfəlik dayandırılmasıdır, çünki regionda müharibə təbii ki, Türkiyənin də iqtisadi, siyasi, sosial və s. maraqlarına ziddir. Xüsusilə Rusiyanın Krımı işğal və ilhaq etməsi nəticəsində burdakı Krım tatarlarının hüquqlarının tapdanması Ukrayna ilə bağlı Türkiyənin əsas prioritet məslələrindəndir. O baxımdan, Ukraynada sülhün yaranması, atəşkəsin bərpa olunması həm də Krım tatarlarının təhlükəsizliyi baxımından Türkiyənin marağınadır. Bundan başqa Türkiyə həm də bir NATO ölkəsidir. Məsələn bu yaxınlarda xəbər yayılıb ki, Estoniyanın hava məkanını Türkiyə təyyarələri qoruyacaq, yəni NATO-nun üzvü baxımından da Türkiyənin Ukrayna və Rusiya müharibəsində atəşkəsin təmin olunması və s. bu prosesin başlaması Türkiyənin maraqlarına daxildir. Şübhəsiz, Türkiyənin sülhməramlı təşəbbüsləri, sülhməramlı fəaliyyəti, bu istiqamətdə atdığı konkret addımlar onun nüfuzunu artırır və bir vaxtlar Türkiyə barəsində yayılan yanlış informasiyalar yüz, iki yüz illik düşüncə tərzini darmadağın edir. Türkiyə sülhsevər ölkədir".
Günel Əlili


