Ermənistan və Fransa arasında 274 milyon avroluq silah müqaviləsi imzalanıb

Bölmə: Siyasət › ,
Tarix: 21:16 04.11.2025

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda deyilib. “Yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi yalnız müdafiə xarakteri daşıyıb. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın optimal formatlarının müəyyənləşdirilməsinə imkan verəcək”, – məlumatda qeyd olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi bu hesabat Ermənistanla Fransanın şübhəli və qaranlıq hərbi əməkdaşlığının keçmiş səhifələrini açıb:

 

"Fransanın Ermənistanla bağlı apardığı siyasət bu gün onun niyyətlərini də ortaya qoyub. Ermənistan–Azərbaycan sülh prosesinin xeyli dərəcədə irəlilədiyi bir vaxtda belə faktların açıqlanması tərəflər arasında qarşılıqlı etimadın yaradılması səylərinə böyük zərbə vurub. Fransa Müdafiə Nazirliyinin bu hesabatı indi açıqlaması zamanın düzgün seçilməməsinin əlamətidir. Bəzi fransız dairələri bu bölgədə Ermənistanla əməkdaşlığın əbədi bir proses kimi aparılacağını bildiriblər. Ermənistanı həmişə dəstəkləyəcəklərini vurğulayıblar.

Fransanın Ermənistana 274 milyon avroluq yardım göstərməsinin zamanına diqqət yetirmək lazımdır. Bu, 2023–2024-cü illərdə edilən yardımlardır. Fransa bunu Ermənistan üçün müdafiə silahları kimi təqdim etsə də, kimdən müdafiə olunduğu məsələsi böyük suallar doğurub. Ermənistan Azərbaycanın sülh təkliflərini qəbul etməyib. Fransanın Ermənistana 274 milyon avroluq silah göndərməsi Ermənistanın Azərbaycandan qisas alması üçün idi. Hətta bunun baş tutması üçün əllərindən gələni ediblər.

Ermənistanın silahlandırılması bölgədə hərbi balansa mənfi təsir göstərib. Ermənistan bu gün təcavüzkar bir ölkə kimi tanınıb. Hər bir əməkdaşlıq zamanı düzgün seçilməlidir. Zamanında seçilməyən əməkdaşlıqlar faydadan çox zərər verir".

 

Aygün Babayeva