BBC Trampın seçkiöncəsi çıxışını saxtalaşdırıb-KİV

Bölmə: Siyasət › ,
Tarix: 21:27 04.11.2025

Söhbət BBC-nin ötən ilin oktyabrında ABŞ prezident seçkiləri ərəfəsində yayımladığı bir saatlıq Panorama proqramına aiddir. Orada çıxış elə redaktə edilib ki, prezidentin Konqres binasını zəbt etməyə çağırdığı qənaətinə gəlmək olar.

 

The Daily Telegraph yazıb ki, artıq Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri arasında yayılan sənəd, Ağ Evlə kifayət qədər gərgin münasibətləri nəzərə alsaq, korporasiya üçün ciddi nəticələrə səbəb ola bilər.

 

Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp BBC-ni məhkəməyə verə bilər:

 

“Seçki öncəsi Donald Trampın çıxışlarını BBC-nin fərqli təqdim etməsi artıq seçki bitdikdən sonra əhəmiyyətini itirir. Sadəcə olaraq, Tramp bu məsələyə görə BBC-ni məhkəməyə verə bilər. 2020-ci il seçkilərində Tramp iddia edirdi ki, seçkilər saxtalaşdırılıb. Bu iddialar üzündən onun tərəfdarları ABŞ Konqres binasına hücum etdilər, orada dağıntılar olub və insanlar həyatını itirib. Bir çox adam həbs olunub.

2025-ci ilin fevralında isə Tramp hakimiyyətə yenidən gəldikdən sonra bir çox insanı əfv edib. Bu isə göstərir ki, ABŞ-də siyasət və demokratiya yüksək səviyyədə deyil və hər şey qanun çərçivəsində həll olunmur. Trampın özü də məhkəmələrlə üzləşmişdi, amma prezident seçildiyi üçün məhkəmələr dayandırıldı və o, prezidentliyini davam etdirir.

Böyük Britaniya ilə ABŞ arasında da müəyyən fikir ayrılıqları mövcuddur. Lakin ümumilikdə bu ölkələr dünya siyasəti baxımından bir-biri ilə əməkdaşlıq edə bilirlər. Məsələn, Britaniyanın Baş naziri Keir Starmer bəzi vaxtlarda Tramp ilə görüşmüşdür. Hətta bu prosesdə Rusiya da maraqlı vəziyyətlərdə qalmış, Putin böyük siyasətçi, Zelenski isə diktator kimi təqdim olunmuşdur.

BBC isə böyük bir informasiya vasitəsi və təşkilat olaraq bütün məsuliyyəti üzərində daşıyır. Ona görə də hesab edirəm ki, Tramp BBC-ni məhkəməyə verə və təzminat tələb edə bilər. Hazırda Tramp bəzi böyük qəzetlərə və televiziya kanallarına qarşı məhkəmə iddiaları qaldırıb və nəticədə böyük təzminatlar alınması mümkündür.

Nəticə etibarilə, belə hadisələr dövlət siyasətinə birbaşa təsir etməsə də, məhkəmə yolu ilə həll oluna bilər və Tramp buna müraciət edə bilər".

 

Aydan Əsgərxanlı