Azərbaycanda süni intellekt sahəsində ilk standartlar tətbiq edilib
Bölmə: Maraqlı ›
,
Tarix: 22:20 04.11.2025
Azərbaycanda süni intellektin (AI) inkişafı üzrə milli strategiya çərçivəsində dörd standart tətbiq edilib.
"İnformator.az"xəbər verir ki, bunu İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya direktoru Salar İmaməliyev Bakıda keçirilən "StrategEast: Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu 2025" forumunun açılış mərasimində bildirib.
S.İmaməliyevin sözlərinə görə, ilin əvvəlində hökumət "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nı - davamlı AI ekosisteminin yaradılmasına yönəlmiş hərtərəfli yol xəritəsini təsdiqləyib.
"Bu strategiya zəruri infrastrukturun formalaşdırılmasına, insan kapitalının inkişafına və süni intellektin həm iqtisadiyyata, həm də bütövlükdə cəmiyyətə fayda gətirməsini təmin etməyə yönəlib. Biz artıq beynəlxalq bazar təhlili aparmışıq, qiymətləndirmə metodologiyalarını qlobal standartlarla uzlaşdırmışıq və dövlət qurumları arasında Rəqəmsal Məcəlləni əlaqələndiririk. Bu standartlardan dördü artıq tətbiq edilib və vətəndaşların rifahına xidmət edir", - o qeyd edib.
S.İmaməliyev vurğulayıb ki, ölkədə süni intellektin tətbiqini sürətləndirmək üçün Süni İntellekt Akademiyası yaradılıb. Bu akademiya strategiyanın həyata keçirilməsinin əsas mərhələlərindən biridir.


