ABŞ lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib

Bölmə: Siyasət › ,
Tarix: 22:30 04.11.2025

Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib.

 

"Düşünürəm ki, bəli, bacaracağıq",- Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib.

 

Onun sözlərinə görə, belə halların əksəriyyətində bu üsul nəticə verib: “Əgər döyüşü dayandırmasanız, hər iki ölkəyə tariflər tətbiq edəcəyəm və ABŞ ilə işləyə bilməyəcəksiniz”.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələ təkcə Rusiya və Ukrayna arasında olan müharibə ilə məhdudlaşmır:

 

“Trampın artıq bir neçə dəfə dəbdəbəli şüarları və çağırışları səslənib ki, müharibəni qısa müddət ərzində dayandıracaq. Ancaq biz görürük ki, onun istəkləri ilə bacarıqları və imkanları üst-üstə düşmür. Bu, çox çətin bir məsələdir. Çünki burada sadəcə Ukrayna ilə Rusiyanın müharibəsi getmir. Burada bir neçə qütbün, bir neçə dünyanın bir-birilə qarşıdurmasının şahidi oluruq. Artıq demək olar ki, uzun müddət Ukraynanı Rusiya ilə müharibəyə hazırlayan Avropa İttifaqı, Qərb ölkələri bilirdilər ki, əvvəl-axır bu savaş olacaq. Ona görə də 2014-cü ildə Rusiya Krımı seçki yolu ilə ilhaq etdikdən sonra bəlli idi ki, Qərb bununla razılaşmayacaq. Düzdür, Qərb o hadisəyə, referenduma və birləşməyə çox dözümlü bir münasibət göstərib. Sonradan isə bəlli oldu ki, deyəsən nə Qərb dayanmaq istəyir, nə də Rusiya. Amma Rusiya bu prosesdə, mən deyərdim ki, cavab vermə üsulunu tətbiq edən və həll edən məsələ kimi görünüb. Məsələ bundadır ki, Ukrayna sözün əsl mənasında Avropa üçün çox önəmli bir məkan idi və Avropanın da rəsmi şəxsləri açıq-aşkar bildirirdilər ki, biz Ukraynanı həm AB-yə, həm NATO-ya qəbul etməyə hazırıq. Ancaq indiki sərhədlərin ərazisinin böyüklüyü ilə, həm də demoqrafik resursunun böyüklüyü ilə biz onu həzm edə bilməyəcəyik. Yəni faktiki bu özünəməxsus bir işarə idi ki, Ukrayna, çox güman ki, gərək bir az “arıqlasın”. Bütün mənalarda. Həm ərazisi kiçilsin, həm demoqrafik resursu azalsın və s. Biz indi görürük ki, bu proses qüvvəsindədir. Bu sirr deyil ki, Aİ Ukraynaya gözünü dikib və onu mənimsəməyə çalışır. Amma burada bir şey var: ”Rusiya bununla necə razılaşacaq və razılaşmalıdır mı?” Çünki faktiki olaraq Aİ keçmiş Amerikanın administrasiyası Co Baydenin fəaliyyəti nəticəsində, demək olar ki, böyük bir təhdid qarşısında idi. Bu çox ciddi bir məsələdir. Çünki Rusiya hətta Qorbaçovun dövründən belə deyirdi ki, NATO onlara qarşı hərəkətini dayandırsa, geri çəkilməyə hazırdır. NATO da bunu edə bilmir və artıq dövlətlər çökür, situasiya dəyişir. Geostrateji qarşıdurmanın mahiyyəti artıq əvəzənib, amma NATO öz hərəkətindən geri çəkilmir. Yəni Rusiyanın sərhədlərinə doğru addımlarını atır. Ona görə də Rusiya bu proseslə barışmır və bildirir ki, əgər Ukraynanı öz əraziniz kimi görməyi, onu təsbit etməyi istəyirsinizsə, o zaman siz orada dağıntılardan başqa bir şey görməyəcəksiniz”.

 

Ekspert qeyd edib ki, Trampın addımları iqtisadi gərginliyi daha da artırır:

 

“Trampın tarif təhdidi sözün əsl mənasında iqtisadi bir müharibədir. Bu, Ukrayna ətrafında, onun daxilində gedən müharibədən heç də geri qalan müharibə deyil. Özünün təsir imkanlarına görə, dağıdıcı potensialına görə bu, həm də çox dəhşətli bir silahdır ki, ABŞ rəqiblərinə qarşı onu istifadə edir. Elə başa düşürəm ki, burada müharibə vektorları bir-birinə qarışır, bir-birini üstələyir. Düşünürəm ki, ABŞ çox ikibaşlı oyun oynamaqla, həm də dünya birliyi üçün böyük təlatümlər gətirir. Təbii ki, bu proses belə davam edə bilməz. Mənim fikrimcə, Trampın özünün də iqtisadi müharibələr aparma strategiyasında geri çəkilməsi qaçılmaz olacaq. Çünki o tək rəqib olan Rusiyanı, digər sosialist düşərgəsinə aid ölkələri çəkindirmir. O həm də özü üçün problemlər yaradır. Çünki tarif təhdidləri bəzi hallarda barışmaz hal alır. Bəllidir ki, ABŞ super dövlətdir. Onlar dünyanın ixrac edən qüvvələrindən asılıdırlar və s. Amma buna baxmayaraq, ABŞ gərək digər ölkələrin də vəziyyətini duysun və o vəziyyətə anlayışla yanaşsın. Düşünürəm ki, hazırda dünyada çox böyük turbulent proseslər getdikcə, həm də hərc-mərclik genişlənir, boşluqlar yaranır. Burada ABŞ sadəcə öz fəaliyyətini başqa dövlətlərdə münasibətdə tariflərin artırılmasında görməli deyil. Çünki belə gedərsə, ABŞ-nin özünə qarşı da sərt tədbirlər tətbiq olunacaq”.

 

Lalə Qurbanlı