Zelenskiyə dedim ki, bu mənasız müharibə bitməlidir-Uitaker

Bölmə: Siyasət › ,
Tarix: 22:47 04.11.2025

Uitaker özünün X səhifəsində məlumat yayıb ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə səfər edib.

 

Amerikalı diplomat səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü deyib.

 

“Açıq şəkildə bildirdim ki, bu mənasız müharibə bitməlidir və Prezident Trampın səyləri nəticəsində əldə edilən sülh irəliyə doğru yeganə etibarlı yoldur”,- Uitaker bildirib.

 

Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, yaxın zamanda sülhün əldə olunması real görünmür:

 

“Son dörd ilə yaxındır müharibə gedir. Dəfələrlə eşitmişik ki, sülh danışıqları olacaq və nəticə verəcək, amma heç də elə deyil. Müharibənin səbəbləri aradan götürülmədiyi üçün savaş davam edir. Bu dəfə də cəhd olunacaq. Uzağı atəşkəs imzalana bilər. Yəni bu, müharibənin sonu deyil. Necə ki, Azərbaycan-Ermənistan arasında müharibənin nəticəsi olaraq bizim torpaqlar işğal olunub və bu müharibənin sonu deyildi. Bu atəşkəs idi və 30 ilə yaxın müddətdən sonra Azərbaycan öz ərazilərini qaytarıb. Yəni müharibənin sonu bu olub. Burada da həmin məsələdir. Əslində həqiqətən də indi savaş meydanında çox çətin, ağır vəziyyətdir. Xüsusilə Ukrayna üçün. Ona görə atəşkəsin mənası və məntiqi baxımından yeri var. Atəşkəs olmalıdır. Amma bu savaşın davam olunmasına Ukraynanın özündə, rus hakimiyyətində, xarici ölkələrdə bir sıra maraqlar var. Ona görə heç kim dəqiq deyə bilməz ki, Trampın səyləri yüz faiz nəticə verəcək, yoxsa yox. Müharibənin uzanmasının səbəbləri çoxdur. Dünya düzəni formalaşır. Ukrayna ərazisində gedən müharibə yeni dünya düzəninin formalaşmasının döyüş səhnəsinə çevrilib. Böyük ölkələrin marağı var ki, müharibə davam etsin. İstər Avropa, istər Böyük Britaniya, istər Çin. Rusiya və Ukraynanın özü də müharibənin davamında maraqlıdır. Ukrayna tərəfi işğalla razılaşmırsa, sülhdən söhbət gedə bilməz. Dediyim kimi, atəşkəs ola bilər. Sülh ancaq Ukrayna öz ərazilərini bərpa edə bilsə və yaxud Ukrayna xalqı məğlubiyyəti ilə razılaşsa baş tuta bilər. Atəşkəs isə bəlkə də ilin sonuna kimi daha real olar. Və yaxud da müharibə qışda çətinliklərin olması ilə bağlı gələn ilə qala bilər”.

 

Lalə Qurbanlı