Zəka və emosional balans: Ağlın qələbəsi, yoxsa ürəyin səsi?
Bölmə: Sosial ›
,
Tarix: 22:57 04.11.2025
Müasir dövrdə uğurlu insan obrazı təkcə yüksək intellektlə ölçülmür. Zəka-analitik düşünmə, qərarvermə və məntiqi nəticələr çıxarma bacarığı kimi keyfiyyətləri özündə birləşdirsə də, emosional balans insanın duyğularını idarə etmək, başqalarını anlamaq və stresslə mübarizə aparmaq qabiliyyətini göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, həyatda təkcə ağıllı olmaq kifayət deyil:
“Bəzən çox ağıllı insan səhv qərar verir, çünki duyğularını idarə edə bilmir. Əgər hissləri “ürək” adlandırsaq, demək balans o vaxt yaranır ki, insan həm beynini, həm də ürəyini dinləyə bilsin. Ağıl bizə nəyi etmək lazım olduğunu göstərir, ürək isə necə etmək lazım olduğunu. Uğurlu insan həm ağlının, həm də ürəyinin səsini dinləməyi bacarandır.
Əslində, bu iki anlayış bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan sistemlərdir. Zəka insanın düşünmə və analiz etmə qabiliyyətini ifadə edir, emosional balans isə bu bilik və düşüncəni həyatın reallıqlarında sabit şəkildə tətbiq etməyə kömək edir. Yüksək zəka sizi düzgün qərara yönəldə bilər, amma emosional balans bu qərarı reallığa çevirmə gücünü verir. Başqa sözlə, ağıl “nə etməli olduğumuzu” deyir, duyğular isə “necə etməli olduğumuzu” göstərir.
Zəka yüksək, lakin emosional idarəetməsi zəif olan insanlar hansı çətinliklərlə üzləşirlər?
Belə insanlar çox vaxt emosional tükənmə, insanlarla ünsiyyətdə anlaşılmazlıq, və ya daxili narazılıq yaşayırlar. Onlar düşüncə səviyyəsində çox rasional davransalar da, duyğularını inkar etdikləri üçün bəzən özlərini soyuq, təcrid olunmuş və ya tənha hiss edirlər. Bu, həm şəxsi münasibətlərdə, həm də peşə həyatında problem yarada bilər. Yüksək zəka strategiya qurur, amma duyğusal zəka əlaqə yaradır, bu ikisindən biri çatmadıqda, insanın həyatında harmoniya pozula bilir. İnsan emosional cəhətdən taraz olmadıqda, çox vaxt qərarlarını hisslərinin təsiri ilə verir. Qəzəb, qorxu və ya narahatlıq içində olanda vəziyyəti aydın görə bilmirik və sonradan “kaş başqa cür davransaydım” deyirik. Emosional balans bizə sakit qalmaq, düşünərək hərəkət etmək və düzgün qərar vermək imkanı yaradır. Yəni duyğular idarə olunmadıqda, ağıl da öz gücünü tam göstərə bilmir”.
Banuçiçək Məmmədova


