Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib

Bölmə: Sosial › ,
Tarix: 23:16 04.11.2025

Noyabrın 2-də Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib. Tədbir IDEA İctimai Birliyi və məktəbin birgə təşəbbüsü ilə gənclər arasında ekoloji məsuliyyətin artırılması məqsədilə təşkil olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki,bu gənclərin tutduğu yol tamamilə doğru bir istiqamətdir:

 

"Dünyanın dahilərindən biri deyib və özü də bunu praktiki olaraq həyata keçirib ki, gənclərin hansı istiqamətdə yetişdirilməsi, bir millətin gələcəkdə hansı səviyyəyə çatacağının göstəricisidir. Yəni, bir millət istəyirsə ki, gələcəkdə ciddi inkişaf əldə etsin, o zaman gəncləri vətənpərvərlikdən tutmuş, təhsil, ədəbiyyat və digər sahələrə qədər düzgün istiqamətləndirməlidir, onlara doğru tərbiyə verməlidir.

 

Bu baxımdan bu təşəbbüs çox gözəl və yerində bir fikirdir. Təəssüf ki, bu gün bizim gəncliyimizdə bəzi çatışmazlıqlar var. Elm və təhsil sahəsində müəyyən çətinliklər, hətta bəzən geriləmələr müşahidə olunur. Bu isə bəzən gəncləri milli təfəkkürdən uzaqlaşdırır. Milli təfəkkürün, milli konsepsiyanın olmaması bu gün ortada ciddi bir problemdir. Mən düşünürəm ki, belə tədbirlər, heç olmasa, buraxdığımız boşluqları tədricən doldura bilər.Unutmaq olmaz ki, əhalinin 35 faizini təşkil edən gənclər cəmiyyətin böyük potensialıdır. Bu gənclər öz enerjisini müxtəlif sahələrdə  xüsusilə ekologiya, dövlət idarəçiliyinin sağlamlaşdırılması və ən əsası, vətən sevgisinin formalaşdırılması sahələrində göstərməlidir. Gənclər arasında vətən sevgisinin təbliği və təşviqi vacib və alqışlanmalı bir işdir.

 

Ekoloji məsələyə gəlincə, bu məsələnin bir sirri var: vətəni sevməyən insan onun təbii mühitinə də qayğı göstərməz. Mühitini, yaşadığı ərazini düşünməyən biri normal vətəndaş ola bilməz. Vətən sevgisi təkcə böyük anlayışlardan yox, insanın gündəlik həyatından başlayır yaşadığı evdən, həyətindən, küçəsindən, pəncərəsindən, parkdan, təbiətdən. Hətta bəzən bu sevgi planet miqyasında məsuliyyət hissinə çevrilir.

 

Əgər bir insan yaşadığı yerə laqeyddirsə, ətrafı çirkləndirirsə, təbiətə ziyan vurursa, o, vətəndaşlıq mövqeyindən uzaqdır. Normal vətəndaş olmaq üçün insan təkcə öz evinə deyil, yaşadığı cəmiyyətə, təbiətə də hörmətlə yanaşmalıdır. Əgər sən həyatda sənə nəfəs verən bir ağaca, bir quşa, bir çiçəyə dəyər vermirsənsə, sən bu ölkədə yaşamaq haqqını da daşımırsan.Mən düşünürəm ki, bizim strateji yanaşmamız bu istiqamətdə qurulmalıdır. Təkcə dayanıqlı inkişafla bağlı deyil, ümumiyyətlə, bütün sahələrdə ən kiçik detaldan tutmuş, ümummilli konsepsiyaya qədər  bu ideya rəhbər tutulmalıdır. Hətta Peyğəmbərimiz belə buyurub: “Qiyamət gününün yaxınlaşdığını bilsən belə, əgər əlində fidan varsa, onu torpağa ək".Bu yalnız dini baxımdan deyil, bütün bəşəriyyət üçün mühim mesajdır.

 

Planetimiz   bu gün əlimizdə olan və üzərində həyat olan yeganə məkandır. Biz kainatda hələ ki, Yer kimi həyat olan başqa bir planet tapmamışıq. Ona görə də bu planetə qayğı göstərmək hər birimizin borcudur.

 

Əgər hansısa ölkələr yalnız öz maraqları naminə atmosferi, torpağı, suyu çirkləndirirlərsə, bilərəkdən və ya bilməyərəkdən  bu nəzarətsiz qala bilməz. Belə davranışlar ciddi nəzarət və maarifləndirmə tələb edir. Onlara başa salmaq lazımdır ki, bu ziyanlar nə ilə nəticələnə bilər. Bu işdə isə qeyri-hökumət təşkilatlarının rolu çox böyükdür.Leyla xanımın rəhbərlik etdiyi təşkilat da bu sahədə mühüm işlər görür və görülən işlərin sürəti daha da artırılmalıdır  təkcə Azərbaycanda yox, bütün dünyada. Mən bir daha təkrar edirəm: Yer kürəsinin bütün əhalisi anlamalıdır ki, yaşadığımız bu planet  kainatda yeganə yaşanacaq məkandır və bu məkan hər gün daha çox qayğı və diqqət tələb edir.

 

Planetin 8 milyard əhalisinin bəlkə də yarısı bu məsələni dərk edir, digər yarısı isə onu korlayır. Resurslardan düzgün istifadə olunmur, istifadə olunanlar da bərpa olunmur. Buna görə də həm dövlət qurumları, həm qeyri-hökumət təşkilatları, həm də hər bir vətəndaş maarifləndirilməli və başqalarını da maarifləndirməlidir. Çünki maariflənməyən insan başqasını maarifləndirə bilməz".

 

Aişə Mustafayeva