Vətən müharibəsi qəhrəmanı-Cəfərov Yusifin əziz xatirəsinə
Bölmə: Sosial ›
,
Tarix: 23:35 04.11.2025
Azərbaycanın tarixi şəhidlərin qanı ilə yazılıb. 44 günlük Vətən müharibəsində canından keçərək torpaqlarımıza azadlıq gətirən qəhrəmanlarımızın hər biri xalqımız üçün əsl qürur mənbəyidir. Onlardan biri də Yusif Cəfərov Mübarizdir.
25 aprel 1996-cı ildə Şirvan şəhərində dünyaya gələn Yusif uşaqlıqdan sakit, əxlaqlı və mədəni davranışı ilə seçilirdi. İlk təhsilini Şirvan şəhər 2 saylı tam orta məktəbdə alan Yusif, bacarığı və zəhmətsevərliyi ilə müəllimlərinin rəğbətini qazanıb.
O, daha sonra ali təhsilini Mingəçevir Dövlət Universitetində davam etdirərək savadlı, düşüncəli və vətənpərvər bir gənc kimi böyüyüb. Yusif subay idi və həyatla bağlı böyük planları var idi.
2020-ci ilin payızında Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tarix yazarkən, Yusif də minlərlə gənclə birlikdə cəbhəyə yollanıb. O, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun Muradxanlı kəndində gedən döyüşlərdə Yusif Cəfərov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz doğma Şirvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
15.12.2020-ci ildə Yusif Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.12.2020-ci ildə Yusif Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Yusif Cəfərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.18.12.2020-ci ildə Yusif Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova


