ABŞ-də yük təyyarəsi qəzaya uğrayıb

Bölmə: Hadisə › ,
Tarix: 17:11 05.11.2025

 

ABŞ-nin Kentukki ştatının Louisville şəhərində yük təyyarəsi qalxışdan qısa müddət sonra qəzaya uğrayıb. Yaşayış sahəsinin yaxınlığında düşən təyyarənin qalıqlarında yanğın baş verib. Qəza nəticəsində 7 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.


ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi məlumata görə, yerli vaxtla saat 17:15 radələrində Louisville Məhəmməd Əli Beynəlxalq Hava Limanından qalxan yük təyyarəsi qısa müddət sonra qəzaya uğrayıb.

Yük təyyarəsinin Louisville Məhəmməd Əli Beynəlxalq Hava Limanından Honoluluya uçduğu bildirilib.

Təyyarənin hava limanı ətrafındakı yaşayış məntəqəsinə yaxın əraziyə düşdüyü qeyd olunub.

Hava limanı uçuşlara bağlanıb

Kentukki ştatının qubernatoru Endi Beşir Louisville şəhərindəki Məhəmməd Əli Beynəlxalq Hava Limanında baş verən qəzayla bağlı açıqlama verib.

UPS yük şirkətinə məxsus təyyarənin uçuş zolağından havaya qalxdıqdan qısa müddət sonra düşməsi nəticəsində 7 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə yaralandığı bildirilib.

Beşir, “Bu sayın daha da artacağını düşünürük” deyə bildirib.

Louisville şəhərinin meri Kreyq Qrinberq də şəhərdəki bütün təcili yardım qruplarının hadisə yerinə cəlb olunduğunu və qəzadan sonra baş verən yanğınla mübarizə işlərinin davam etdiyini qeyd edib.

Sosial mediada paylaşılan videoda təyyarənin uçuş zamanı sol qanadındakı mühərrikdən alov çıxdığı və havaya qalxdıqdan dərhal sonra yerə çırpıldığı görülüb.

Honoluluya yollanan UPS-in 2976 reys nömrəli MD-11 tipli təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırıldığı qeyd olunub.

Qəzanın ardından hava limanının uçuşlara bağlandığı bildirilib.


TRT XƏBƏR
Eslanda Kulieva