Ermənistan-Fransa silah müqaviləsi-regionda hərbi balans və geosiyasi nəticələr

Bölmə: Siyasət › ,
Tarix: 19:43 05.11.2025

Yerevan ilə Paris arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda yeni dinamikalar yaradıb.

 

Mövzu ilə bağlı politoloq Ramiz Əliyev “İnformator.az”a bildirib ki, Fransa ilə Ermənistan arasında imzalanan 274 milyon avro dəyərində silah müqaviləsi Cənubi Qafqaz regionunda hərbi-siyasi balansın dəyişməsi ehtimalını gündəmə gətirib:

 

“Son illərdə Ermənistanın müdafiə sahəsində atdığı addımlar, xüsusilə də Qərb ölkələri, o cümlədən Fransa ilə hərbi əməkdaşlığın dərinləşməsi, regiondakı geosiyasi dinamikanın yeni istiqamətlər almasına səbəb olur. Bu proses təkcə Ermənistanın hərbi potensialının artırılması ilə məhdudlaşmır, həm də Qərbin Cənubi Qafqazdakı təsir imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müqavilənin həcmi və məzmunu, Fransanın Ermənistana modern silah sistemləri satmaq niyyəti regionun təhlükəsizlik mühitində balansın dəyişməsinə səbəb ola bilər. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının hələ də tam nəticə vermədiyi bir dövrdə belə addımlar gərginliyin yenidən artması riskini gücləndirir. Ermənistanın hərbi arsenalının Qərb istehsalı silahlarla gücləndirilməsi, Rusiyadan asılılığın azaldılması məqsədi daşısa da, bu, eyni zamanda regionda yeni güc mərkəzlərinin formalaşmasına və geosiyasi ziddiyyətlərin kəskinləşməsinə yol aça bilər. Fransanın bu prosesdə fəal iştirakı onun Cənubi Qafqazda siyasi mövqelərini möhkəmləndirmək cəhdinin göstəricisidir. Paris uzun illərdir Ermənistanla yaxın münasibətləri, həm də erməni diasporunun siyasi təsirini nəzərə alaraq, bu ölkəyə açıq şəkildə siyasi və diplomatik dəstək verir. Lakin son dövrlərdə bu dəstəyin hərbi sahəyə daşınması, Fransanın regionda “geosiyasi oyunçu” rolunu daha açıq şəkildə nümayiş etdirməsi kimi qiymətləndirilə bilər. Bu, Avropa İttifaqının ümumi siyasəti ilə tam uzlaşmasa da, Fransanın fərdi şəkildə bölgədə nüfuz uğrunda mübarizəsinin göstəricisidir.
Ermənistanın müdafiə siyasətində diversifikasiya meyilləri - yəni təkcə Rusiyaya deyil, həm də Qərb ölkələrinə yönəlməsi - ölkənin təhlükəsizlik strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu, Ermənistan üçün qısamüddətli perspektivdə siyasi dəstək qazandırsa da, uzunmüddətli planda bir sıra riskləri də ehtiva edir. Bir tərəfdən, Qərblə yaxınlaşma Ermənistanı Rusiya ilə münasibətlərdə əlavə gərginliyə sürükləyə bilər. Digər tərəfdən, bu dəyişiklik regiondakı güc balansını daha da mürəkkəbləşdirərək sülh prosesinə mənfi təsir göstərə bilər. Azərbaycanın iqtisadi və hərbi baxımdan üstün mövqeyi fonunda Ermənistanın Qərb silahlarına yönəlməsi faktiki olaraq yeni bir “silahlanma yarışına” təkan verə bilər. Lakin burada diqqətdən qaçmamalıdır ki, Fransa ilə imzalanan müqavilənin simvolik və siyasi tərəfi, real hərbi gücdən daha çox, beynəlxalq arenada Ermənistanın “qərbyönümlü” imicini möhkəmləndirməyə xidmət edir. Buna baxmayaraq, belə addımlar regionda etimad mühitinin pozulmasına, tərəflər arasında güvənin daha da azalmasına səbəb ola bilər.
Nəticə etibarilə, Fransa-Ermənistan silah müqaviləsi təkcə iki ölkə arasında iqtisadi əməkdaşlıq sənədi deyil, həm də Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətinə təsir göstərən mühüm hadisədir. Bu proses, bir tərəfdən Qərbin bölgəyə qayıdışını simvolizə edir, digər tərəfdən isə regional sabitlik və təhlükəsizlik balansı üçün yeni çağırışlar yaradır. Ermənistanın təhlükəsizlik arxitekturasında baş verən bu dəyişikliklər gələcək illərdə Cənubi Qafqazda siyasi və hərbi dinamikanın daha gərgin və çoxqütblü bir müstəviyə keçəcəyini göstərir”.

 

Fatimə Hüseynli