SOCAR ilə Qarabağ Universiteti arasında əməkdaşlıq
Bölmə: Sosial ›
,
Tarix: 19:45 05.11.2025
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “İnformator.az”a bildirib ki, bu əməkdaşlıq regionun gələcək inkişafı baxımından mühüm addımdır:
“Bakı Ali Neft Məktəbi SOCAR’ın tərkibində olsa da, onun tələbə sayı məhduddur və şirkətin daha çox ixtisaslı kadrlara ehtiyacı yaranır. Xüsusilə Qarabağ və işğaldan azad edilmiş ərazilərdə alternativ enerji sahələrinin inkişafı ilə əlaqədar olaraq yaxın illərdə mütəxəssislərə böyük tələbat olacaq. Buna görə də SOCAR’ın Qarabağ Universiteti ilə əməkdaşlığı regionun sosial-iqtisadi inkişafına verilən ciddi töhfədir. Bu təşəbbüs təkcə enerji və mühəndislik sahələri ilə məhdudlaşmır. Qarabağ Universiteti kənd təsərrüfatı, turizm və ekoloji idarəetmə istiqamətləri üzrə də tələbə qəbulu həyata keçirəcək. Nəticədə, universitet həm elmi, həm də iqtisadi baxımdan regionun inkişafında aparıcı mərkəzə çevrilə bilər. SOCAR ilə universitet arasında qurulan bu əməkdaşlıq modeli gələcəkdə regionlarda təhsil-sənaye inteqrasiyasının yeni nümunəsi kimi dəyərləndirilə bilər. Bu addım həm kadr bazasının güclənməsinə, həm də Qarabağda bilik əsaslı iqtisadiyyatın formalaşmasına şərait yaradacaq. Gənclərin təhsildə qazandıqları nəzəri biliklərin istehsalatda tətbiqi üçün real imkanlar yaranacaq”.
Fatimə Hüseynli


