Trampın Nigeriyaya mümkün hərbi müdaxilə bəyanatı

Bölmə: Siyasət › ,
Tarix: 19:48 05.11.2025

Donald Trampın Nigeriyaya mümkün hərbi müdaxilə ilə bağlı səsləndirdiyi bəyanat beynəlxalq arenada ciddi rezonans doğurub.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimov “İnformator.az”a bildirib ki, beynəlxalq aləmdə baş verən proseslərə yanaşmada dünyanın yenidən bölüşdürülməsi ilə bağlı təşəbbüsləri unutmamalıyıq:

 

“Güclü dövlətlər, xüsusilə də super güclər yeni təsir zonaları uğrunda müxtəlif variantlardan istifadə edirlər. ABŞ-nin bütün sfera və səviyyələrdə aparılan siyasətində dəyişiklik olduğunu müşahidə etmək mümkündür. Birləşmiş Ştatlar özünün fövqəladə təsirini qorumaq üçün dünyanın heç bir nöqtəsini diqqətsiz qoymayacağı gözləniləndir. Çünki kiçik bir boşluq onu düşmən tərəfin tutmasına şərait yaratmaq deməkdir. Nigeriya da bu sıradadır. Regionlarda konfliktlər kənar güclərin ora müdaxiləsi üçün ciddi əsas rolunu ifadə edir. Nigeriyada dini qarşıdurma bütövlükdə qitə üçün təhdid sayıla bilər. Bu Afrikanı nəzarətdə saxlamaqdan ötrü ilkin qığılcımdır. Onun tezliklə sönəcəyi inandırıcı görsənmir. Arzu olunmasa da, ancaq ehtimal var ki, Nigeriyada başlayan dini qarşıdurma şiddətlənəcək və miqyası böyüyəcək. Bu isə təkcə Afrika ölkələrində deyil, ondan kənarda müxtəlif ölkələrdə dini və etnik qarşıdurmaları tətikləyə bilər. ABŞ-nin Nigeriyaya gözlənilən mümkün hərbi müdaxiləsi təqdir ediləcək addım ola bilməz. Xüsusilə, bu dövlətin müraciəti əsasında olmursa, olduqca pis bir presidentin davamı sayılmalıdır. Bütün hallarda beynəlxalq hüququn prinsiplərinə riayət edilməlidir. Əks halda istənilən ölkə bir bəhanə ilə digərinə qoşun yeridəcək. Buna da ən müxtəlif adlar qoyacaq və hərəkətlərini əsaslandırmağa çalışacaq. Bu isə dünyanın müxtəlif yerlərində fəlakət ocaqları yaradacaq. Ona görə də bu cür narahatlıq doğuran hallara qarşı hər kəsin və hamının qəbul etdiyi beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin qərarı ilə müdaxilə edilməlidir. Bu daha möhkəm sülh yaradar”.

 

Fatimə Hüseynli