Azərbaycan vətəndaşının siyahıya salınmasının əhəmiyyəti-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:50 05.11.2025

2025-ci il mayın 9-da Böyük Britaniya hökuməti Rusiya neft sənayesi ilə əlaqəli “kölgə donanması”nı hədəfə alan geniş həcmli sanksiyalar paketini elan edib. 

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a bildirib ki, “Mastel Makina İthalat İhracat Limited Şirketi” Türkiyədə fəaliyyət göstərən şirkət olaraq, Rusiyanın hərbi əməliyyatları və texnologiya təchizatında dolayı iştirak etdiyi ehtimal edilən biznes əlaqələri səbəbilə Böyük Britaniyanın sanksiyalar tətbiq etdiyi şirkətlər siyahısına düşüb:

 

“Şirkətin rəhbərinin Azərbaycan vətəndaşı olmasına baxmayaraq, bu şirkətin Türkiyədə biznes fəaliyyəti ilə məşğul olması və özəl qurum olması onu deməyə əsas verir ki, bu qərar Böyük Britaniya-Azərbaycan və ya Böyük-Britaniya-Türkiyə münasibətlərinə elə bir xələ gətirməyəcək. Çünki şirkət və onun rəhbəri qeyd olunan ticarət zəncirində iştiraka görə fərdi məsuliyyət daşıyır. Britaniya hökuməti rəsmi olaraq vurğulayır ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını dəstəkləyən texnologiya və malların tədarükünü məhdudlaşdırmaq məqsədi daşıyır. Düşünmürəm ki, “Mastel Makina”nın sanksiyalar altına düşməsi ölkəmizin Ukraynanın ərazi bütövlüyünə dəstəklə bağlı balanslı siyasətinə kölgə sala bilsin. Amma “Mastel Makina”nın Türkiyədə qeydiyyatdan keçən şirkət olması, Britaniyanın bu addımını xəbərdarlıq kimi də dəyərləndirməyə imkan verir. Xəbərdarlıq isə özündə regiondakı bütün iqtisadi iştirakçıların Qərbin sanksiya rejiminə əməl etməsini, dolayı kanallar vasitəsilə Rusiyaya dəstək verməməsini ehtiva edir. Ən əsası isə bu qərar rəsmi Moskvanın Türkiyə və Cənubi Qafqazda sanksiyalardan yayınma marşrutlarının daralması deməkdir”.

 

Fatimə Hüseynli