Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Bölmə: İqtisadiyyat ›
,
Tarix: 19:52 05.11.2025
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti bahalaşaraq 66 dolları ötüb. “APA-Economics”in məlumatına görə, neftin bir barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,85% artaraq 66,43 ABŞ dollarına bərabər olub.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a bildirib ki, neft qiymətlərindəki dəyişikliklər əsasən HOPEC+ ölkələrinin hasilat siyasəti ilə bağlıdır:
“Neft qiymətinin bahalaşmasının əsas səbəbi HOPEC+ ölkələrinin hasilatla bağlı qərarlarıdır. 2020-ci illərdə təşkilat hasilatı 10 milyon barelə qədər artırılıb. Hazırda həmin məhdudiyyətlər mərhələli şəkildə ləğv olunur və nəticədə gündəlik hasilatın daha 2 milyon barel artması gözlənilir. Bu proses qlobal bazarda təklifi artıraraq qiymətlərə təzyiq göstərir. HOPEC+ dünya neft hasilatının təxminən 50 faizini təmin edir və təşkilatın qərarları bazara birbaşa təsir göstərir. Onlar həm öz maraqlarını qorumağa, həm də müştəriləri itirməməyə çalışırlar. Buna görə də hasilat artımı ilə qiymətlərin çox yüksək səviyyəyə qalxmasının qarşısını alırlar. Burada, şübhəsiz, ABŞ-nin siyasi və iqtisadi təzyiqləri də mühüm rol oynayır. Neftin qiymətinin bahalaşması qısamüddətli dövrdə dövlət gəlirlərini artıra bilər, lakin bu, qeyri-neft sektorunun inkişafını avtomatik təmin etmir. Əksinə, uzunmüddətli dayanıqlı artım üçün neftdən asılılığı azaltmaq, ixrac və istehsal strukturunu şaxələndirmək lazımdır”.
Fatimə Hüseynli


