Tramp administrasiyasının qaçqın qəbul siyasətində yeni məhdudiyyətlər

Bölmə: Siyasət › ,
Tarix: 19:54 05.11.2025

Donald Tramp administrasiyası 2026-cı maliyyə ili üçün ABŞ-a qəbul ediləcək qaçqınların sayını rekord aşağı səviyyəyə cəmi 7 500 nəfər endirib.

 

Mövzu ilə bağlı Əli Mustafa “İnformator.az”a bildirib ki, Donald Trampın miqrasiya siyasəti əvvəlki administrasiyaların yanaşmasından tamamilə fərqlənir:

 

“Co Bayden dövründə ABŞ hər il təxminən 120 min qaçqın qəbul edirdi. Lakin Tramp administrasiyası oktyabrdan başlayan yeni maliyyə ilində bu kvotanı 7 000–7 500 nəfərə qədər endirib. ABŞ miqrant ölkəsidir, lakin Tramp hakimiyyətə gələndən bəri əsas şüarlardan biri miqrant axınının qarşısını almaq olub. Trampın bu siyasətinə Amerika cəmiyyətində də əhəmiyyətli dəstək var, çünki sosial-iqtisadi vəziyyət və iş yerlərinin azalması miqrantlara qarşı münasibətə təsir göstərib. Miqrantlar çox vaxt ucuz işçi qüvvəsi rolunda çıxış edirlər və bu, yerli əhalinin məşğulluq imkanlarını azaldır. Buna görə də amerikalıların bir hissəsi Trampın məhdudlaşdırıcı siyasətini dəstəkləyir. Bununla belə, ABŞ iqtisadiyyatı üçün miqrantlar hələ də vacib əmək resursu sayılır. Tramp administrasiyasının yeni qərarında etnik meyarların tətbiqi də diqqət çəkir. Cənubi Amerikadan və Cənubi Afrikadan əsasən ağdərili miqrantlara üstünlük verilir. Onlar diskriminasiyaya məruz qalan azlıqlar kimi göstərilir. Bu siyasət beynəlxalq humanitar dəyərlərlə ziddiyyət təşkil etsə də, Tramp administrasiyası bunu ‘insani əsaslandırma’ ilə təqdim edir. Bu siyasətin ABŞ daxilində həm də siyasi-ideoloji məqsədləri va. Bu addım, ölkə daxilində milli kimlik və daxili təhlükəsizlik məsələlərini önə çəkmək, eləcə də ‘Amerika əvvəlcə’ siyasətini gücləndirmək məqsədi daşıyır. Tramp administrasiyası artıq qlobal himayədar dövlət rolunu oynamaq istəmir. Əvəzində, Şimali və Cənubi Amerika qitəsində öz təsir gücünü artırmağa çalışır”.

 

Fatimə Hüseynli